Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkil etdiyi “Sülhün, dialoqun və tolerantlığın qorunmasında mədəni irsin rolu” adlı XV Beynəlxalq Multikulturalizm Məktəbi Şuşa şəhərində davam edir.

Sentyabrın 25-də məktəb iştirakçıları Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) baş məsləhətçisi Günel Yusifinin “Mədəniyyət və inancın kəsişməsi: Dini müxtəlifliyə qlobal baxış” mövzusunda mühazirəsini dinləyiblər. Mühazirədə Azərbaycan Respublikasının dini sahədə qanunvericiliyindən, dövlət-din münasibətlərindən, DQDK-nin əsas fəaliyyət istiqamətlərindən söz açılıb. Həmçinin ölkədəki dini müxtəliflik mühitinin qorunması üçün görülən tədbirlərdən, dini abidələrin tikintisi və bərpasına göstərilən dövlət qayğısından danışılıb.

Günel Yusifi mühazirəsində bildirib ki, Azərbaycan dini müxtəliflik baxımından çox zəngindir. Amma xoşbəxtlikdən müxtəlif dinlərin və dini-fəlsəfi cərəyanların yayıldığı ölkəmizdə bütün tarixi dövrlərdə etnik və dini icmalar arasında möhkəm dözümlülük əlaqələri formalaşıb, milli, irqi və dini zəmində heç bir ayrı-seçkilik faktı qeydə alınmayıb. Müxtəlif tarixi dövrlərdə Azərbaycan ərazisində məskunlaşan dini-etnik qruplar yerli əhali ilə qaynayıb-qarışıb, qohumluq əlaqələri qurublar və sözün əsl mənasında birgəyaşayışın vəhdətini nümayiş etdirirlər. Fərqli dini konfessiyaların nümayəndələri hər zaman həmrəy olublar. Vətənimizdə bu cür mükəmməl tolerantlıq mühitinin yaranması dini dözümlülüyün Azərbaycan xalqının xarakterik xüsusiyyəti və milli-mənəvi sərvəti olmasına dəlalət edir.

***

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkil etdiyi “Sülhün, dialoqun və tolerantlığın qorunmasında mədəni irsin rolu” adlı XV Beynəlxalq Multikulturalizm Məktəbinin iştirakçılarına Şuşada Azərbaycan multikulturalizm modelinin xüsusiyyətlərindən bəhs olunub.

BBMM-in şöbə müdiri İrina Kunina mühazirəsində Azərbaycanda müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığını, ölkəmizin ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanındığını vurğulayıb. Bildirib ki, multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub, bu gün isə milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilib. Diqqətə çatdırılıb ki, Azərbaycan multikulturalizminin siyasi əsasları Azərbaycan Respublikasının Konstitusiyasının bəndlərində, qanunvericilik aktlarında, fərman və sərəncamlarda öz əksini tapır. Mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti Azərbaycanı çoxmillətli, çoxkonfessiyalı diyar kimi dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanı edib.

Qeyd edək ki, XV Beynəlxalq Multikulturalizm Məktəbində Azərbaycan, Rusiya, Türkiyə, Cənubi Koreya, Serbiya, Yaponiya, Qazaxıstan, Rumıniya, Moldova, Özbəkistan, Hindistan, Mərakeş, Bolqarıstan, Gürcüstan, Amerika Birləşmiş Ştatları, Mozambik və Konqodan olan 30-a yaxın tələbə iştirak edir. Oktyabrın 1-dək davam edəcək məktəbin iştirakçıları üçün Şuşa, Laçın və Ağdam şəhərlərinə ekskursiyalar təşkil olunacaq.