Sentyabrın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə Şuşa şəhərində “İdeoloji mübarizədə din amili: mediadan gözləntilər” mövzusunda ikigünlük seminarın açılışı olub.
Tədbirdə Daxili İşlər Nazirliyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Medianın İnkişafı Agentliyi, Qafqaz Müsəlmanları İdarəsi, Azərbaycan Mətbuat Şurası və digər qurumların nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra 27 Sentyabr - Anım Gününə həsr olunmuş “Həmişə bizimləsiniz” filmi izlənilib.
Açılış mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov və Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinin müdiri Ərəstü Həbibbəyli çıxış ediblər.
Çıxışlarda Azərbaycanda dövlət-din münasibətləri modeli barədə ictimaiyyətin daha geniş məlumatlandırılmasını təmin etmək, media qurumlarının xəbər siyasətində dini məsələlərlə bağlı həssas məqamlar haqqında jurnalistlərin biliklərinin artırılmasına nail olmaq baxımından seminarın əhəmiyyəti vurğulanıb. Bildirilib ki, “Şuşa - İslam dünyasının mədəniyyət paytaxtı” ili çərçivəsində keçirilən tədbir zamanı peşəkar media mütəxəssislərinin mühazirələri dinləniləcək, interaktiv müzakirələr aparılacaq, habelə işğaldan azad olunmuş ərazilərə mediaturlar təşkil ediləcək. Seminarın Azərbaycan xalqı üçün tarixi-mədəni əhəmiyyətə və mənəvi dəyərə malik olan Şuşa şəhərində keçirilməsinin xüsusi əhəmiyyət daşıdığı diqqətə çatdırılıb.
Seminarın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun moderatorluğu ilə keçirilən “Dini etiqad azadlığı və azad media: sərhədlər haradan başlayır?” adlı ilk sessiyasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Rafiq Həşimov, Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli, Azərbaycan Mətbuat Şurasının icraçı katibi Əvəz Rüstəmov çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Günün sonunda iştirakçılar üçün Şuşadakı tarixi, dini abidələri əhatə edən mediatur təşkil edilib.
Tədbir sentyabrın 24-də “Dini radikalizmlə mübarizə və media” mövzusunda ikinci sessiya ilə davam etdirilib. Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinovun moderatorluq etdiyi sessiyada Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, Daxili İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəis müavini Zeyni Hüseynov, Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin İnzibati və hərbi normativ aktlar idarəsinin məsləhətçisi Natiq Mirzəyev mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbərinin müavini Elşad Miraləmin moderatorluq etdiyi üçüncü sessiya “Dini maarifləndirmənin təşkilində medianın rolu: əsas təbliğat və təsir metodları” mövzusuna həsr olunub. Bu sessiyada Azərbaycan Mətbuat Şurasının sədr müavini Səadət Məmmədova, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, “525-ci qəzet”in redaktoru Seyfəddin Hüseynli çıxış ediblər.
“İdeoloji mübarizədə din amili: mediadan gözləntilər” mövzusundakı ikigünlük seminar iştirakçıların Xankəndi, Xocalı və Ağdam şəhərlərinə ziyarəti ilə başa çatıb.