Sumqayıt şəhərində İkinci Qarabağ müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Anar Şükürovun büstünün və xatirə muzeyinin açılışı olub.
Anar Şükürovun təhsil aldığı Sumqayıt şəhər 25 nömrəli tam orta məktəbdə keçirilən açılış mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyətinin və hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, həmçinin ictimaiyyət nümayəndələri və məktəb kollektivi iştirak ediblər.
Əvvəlcə Anar Şükürovun məktəbin foyesində ucaldılan büstünün açılışı olub.
Muzeylə tanışlıq zamanı bildirilib ki, burada şəhidin uşaqlıq və hərbi xidmətdə olduğu dövrə aid eksponatlar, fotolar, sənədlərin surətləri nümayiş etdirilir.
Sonra məktəblilərin ifasında ədəbi-bədii kompozisiya təqdim edilib. Vətən müharibəsi şəhidlərinin, o cümlədən Anar Şükürovun göstərdiyi qəhrəmanlıqlardan bəhs olunub.
Anar Mehman oğlu Şükürov 1977-ci il yanvarın 20-də Sumqayıt şəhərində anadan olub. 44 günlük Vətən müharibəsi zamanı oktyabrın 16-da Ağdərə istiqamətində şəhidlik zirvəsinə yüksəlib, Bakıda II Şəhidlər xiyabanında dəfn edilib. Prezident İlham Əliyevin sərəncamları ilə Anar Şükürova ölülündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı, "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.