AMEA-nın A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda mərhum professor, Tarixin nəzəriyyəsi, mənbəşünaslıq və tarixşünaslıq şöbəsinin müdiri olmuş Şahin Fərzəliyevin xatirə gecəsi keçirilib.

İnstitutdan bildirilib ki, tədbirdə çıxış edən elmi müəssisənin direktoru tarix elmləri doktoru Kərim Şükürov Şahin Fərzəliyevin ömrünün 60 ilindən çoxunu Azərbaycan elminə həsr etdiyini söyləyib. İnstitut direktoru bildirib ki, görkəmli alimin şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim üçün həyat dərsi, kamillik və müdriklik məktəbidir.

Daha sonra Şahin Fərzəliyevin həyatından bəhs edən videoçarx nümayiş olunub.

Akademik Yaqub Mahmudov, tarix elmləri doktorları Vaqif Abışov, Eynulla Mədətli, Tofiq Nəcəfli, Əsədulla Cəfərov, İradə Bağırova, Ramil Ağayev, tarix üzrə fəlsəfə doktorları Cəbi Bəhramov, Mübariz Ağalarlı, Fərəh Hüseyn alim haqqında xatirələrini bölüşüb, onun həyat yolu, elmi fəaliyyəti, yüksək insani keyfiyyətlərindən danışıblar.

Tədbirdə tarix elmləri doktoru, professor Şahin Fərzəliyevin fars dilindən tərcümə etdiyi, orta əsr mənbələri arasında xüsusi yeri olan Həsən bəy Rumlunun “Tarixlərin ən yaxşısı” (“Əhsənüt-təvarix”) kitabının təqdimatı keçirilib. Qeyd olunub ki, XVI əsr Azərbaycan tarixçisi Həsən bəy Rumlunun “Tarixlərin ən yaxşısı” əsərinin dilimizə çevrilməsi tarixşünaslığımızın böyük uğurudur, mərhum professor Şahin Fərzəliyev bu əsəri təqdim etməklə orta əsr tədqiqatlarına mühüm töhfə verib.