Sentyabrın 25-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli Bolqarıstanın Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin alimləri ilə görüşüb.
Akademiyadan bildirilib ki, görüşdə AMEA prezidenti akademik İsa Həbibbəyli son illərdə iki ölkə arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini, Azərbaycanın Avropanın, o cümlədən Bolqarıstanın da enerji təhlükəsizliyində mühüm rol oynadığını söyləyib. İqtisadi, siyasi əlaqələrin elmi-mədəni sahədə də yeni əməkdaşlıq imkanları açdığını deyən akademik İsa Həbibbəyli ötən il Bolqarıstanda elmi səfərdə olduğunu xatırladıb. Qeyd edib ki, səfər çərçivəsində AMEA ilə Bolqarıstan Elmlər Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb. AMEA prezidenti sözügedən sənəddən irəli gələrək ötən müddət ərzində Bolqarıstan Elmlər Akademiyası ilə birgə süni intellekt, seysmologiya, arxeologiya, dilçilik, ədəbiyyat, folklor sahəsində birgə tədqiqatlar aparıldığın vurğulayıb. Hazırda AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Folklor İnstitutu ilə Bolqarıstan EA Ədəbi Tədqiqatlar İnstitutunun “Ədəbiyyatda satira və yumor: folklordan yazılı ədəbiyyatadək (Azərbaycan və bolqar ədəbiyyatının materialları əsasında)” mövzusunda birgə elmi layihə icra etdiyini söyləyib.
Bolqarıstanda ölkəmizə qarşı böyük marağın olduğunu qeyd edən akademik İsa Həbibbəyli bu istiqamətdə Sofiya Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin və onun müdiri Sofiya Şıqayeva-Mitreskanın mühüm rol oynadığını, mərkəz vasitəsilə bolqarıstanlı tələbələrin Azərbaycan dili və ədəbiyyatını öyrəndiklərini bildirib. AMEA rəhbəri, həmçinin Bolqarıstanda türkologiya sahəsində aparılan tədqiqatları yüksək qiymətləndirib, Bolqarıstanın Avropada türkologiyanın mərkəzlərindən birinə çevrildiyini vurğulayıb.
Akademik İsa Həbibbəyli AMEA-nın elmi müəssisələrinin Bolqarıstanın Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti ilə də əməkdaşlıqda maraqlı olduğunu və birgə əlaqələrin daha da inkişafı üçün zəruri dəstəyin göstəriləcəyini söyləyib.
Sonra Bolqarıstanın Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin Klassik və yeni filologiya fakültəsinin Türkologiya və altayşünaslıq kafedrasının müdiri professor İrina Sarıivanova, Yaponşünaslıq kafedrasının müdiri filologiya elmləri doktoru Lyudmila Kirilova və Sofiya Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin müdiri Sofiya Şıqayeva-Mitreska çıxış ediblər.
Bildirilib ki, Bolqarıstanda türkologiya, o cümlədən azərbaycanşünaslıq üzrə tədqiqatlara böyük önəm verilir. Xüsusilə ədəbiyyatşünaslıq, folklor, əlyazmalar istiqamətlərində uğurlu elmi araşdırmalar aparılır, bolqar tələbələr Azərbaycan dilini və ədəbiyyatını öyrənməyə böyük maraq göstərirlər. Son illərdə Azərbaycanın Bolqarıstandakı səfirliyinin dəstəyi ilə Nizami Gəncəvi, İmadəddin Nəsimi, Hüseyn Cavid və Cəlil Məmmədquluzadənin əsərlərinin bolqar dilinə tərcümə edilərək geniş təqdimatları keçirilib.
Sofiya Şıqayeva-Mitreska rəhbərlik etdiyi mərkəzin Azərbaycan dilinin və mədəniyyətinin təbliği istiqamətində birgə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib.