23-24 sentyabr tarixlərində Astana şəhərində II Qazaxıstan Muzey Konqresi keçirilib. Qazaxıstan Respublikası Milli Muzeyinin 10 illiyinə həsr olunan tədbir çərçivəsində “Müasir muzeylər: elm, təhsil və innovasiya” adlı beynəlxalq elmi-praktik konfrans təşkil olunub.

Fond və sərgi işi, tarixi-mədəni irs nümunələrinin konservasiyası və bərpası, elmi-tədqiqat və təbliğat işi kimi mövzuların müzakirə edildiyi beynəlxalq tədbirə ölkəmizdən Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova qatılıb. O, konfransda “Tekstil kolleksiyalarının qorunması: konservasiya və bərpa sahəsində Azərbaycan Milli Xalça Muzeyinin təcrübəsi” mövzusunda məruzə ilə çıxış edib.

Direktor rəhbərlik etdiyi mədəniyyət ocağının tarixi, kolleksiyaları, muzeyin Xalça və dekorativ-tətbiqi sənət üzrə konservasiya, bərpa və profilaktik nəzarət şöbəsinin fəaliyyəti haqqında ətraflı məlumat verib. Bu sahədə beynəlxalq əməkdaşlıq çərçivəsində müxtəlif ölkələrin muzeyləri, o cümlədən Qazaxıstan Respublikası Milli Muzeyi ilə birgə həyata keçirilən layihələri diqqətə çatdırıb.

Beynəlxalq tədbirdə Qazaxıstanla yanaşı, Türkiyə, Çin, Özbəkistan, Qırğızıstan, Rusiya, İran və Fransadan da mütəxəssislərin məruzələri dinlənilib.