Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert sentyabrın 24-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində keçirilib.

Əvvəlcə Braziliyanın Azərbaycandakı səfiri Manuel Montenegro səhnəyə çıxaraq tamaşaçıları salamlayıb. Üzeyir Hacıbəyli festivalında ölkəsinin də təmsil olunduğunu deyən diplomat braziliyalı dirijorun idarə edəcəyi musiqi axşamında sənətsevərlərə xoş təəssürat arzulayıb.

Konsertdə dirijor Migel Kampos Netonun (Braziliya) rəhbərliyi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri (bədii rəhbər və baş dirijor Əməkdar artist Əyyub Quliyev) və Xorunun (xormeyster Əməkdar İncəsənət xadimi Sevil Hacıyeva) müşayiəti ilə solistlər – Əməkdar artistlər Fərid Əliyev (tenor) və İlahə Əfəndiyeva (soprano) çıxış ediblər.

Proqramda G.Malcher – “İara” operasından uvertüra, C.Gomes – “II Guarany” operasından “Sento una forza” dueti, J.Brandao – “Eh Bumba”, H.Villa-Lobos – “10 saylı Şoro” (Bakıda ilk ifa), F.Schubert – 3 saylı “Simfoniya D dur”, A.Dadaşov – “Zəfər çələngi” uvertürası, M.Campos – “Gli Eroi” operasından duet (ilk ifa) səslənib.