Sentyabrın 23-də 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və Milli Azərbaycan Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə bu muzeydə 27 Sentyabr - Anım Gününə həsr edilmiş “Böyük Qələbəyə aparan yol” adlı tədbir keçirilib.

Tədbir gənc nəsildə vətənə, torpağa məhəbbət hisslərini artırmaq, uşaqların vətənpərvər ruhda tərbiyə olunması işinə kömək etmək məqsədi daşıyıb.

Əvvəlcə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman övladların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Tədbirdə Mərkəzin “Çiçəyim” uşaq teatrı, “Sehrli simlər”, “Teatr sənəti” və “Vokal” dərnəklərinin istedadlı və fəal uşaqları vətənpərvərlik mövzusunda şeirlər söyləyib, mahnılar ifa edib və kompozisiyalar təqdim ediblər.