Çərşənbə günü, sentyabrın 25-də Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) Baş katibliyinin binasında TÜRKSOY-a üzv ölkələrin Opera və Balet Teatrları Direktorlar Şurasının üçüncü iclası keçirilib.
Tədbirin təşkilində məqsəd türk dövlətlərinin incəsənət sahəsində əlaqələrinin daha da möhkəmləndirilməsi və təcrübə mübadiləsinin aparılması, TÜRKSOY-a üzv ölkələrin mədəni irsinin və adət-ənənələrinin təbliği olub.
İclası açan Türkiyə Dövlət Opera və Balet Teatrının baş direktoru Tan Sağtürk türkdilli dövlətlər arasında mədəniyyət sahəsində əməkdaşlığın gücləndirilməsinə görə TÜRKSOY-a təşəkkürünü bildirib. O qeyd edib ki, TÜRKSOY-a üzv ölkələrin Opera və Balet Teatrlarının Direktorlar Şurası nisbətən yaxınlarda, yəni 2010-cu ildə yaradılsa da, bu struktur artıq türk dövlətlərinin mədəniyyətlərarası əlaqələrinin dərinləşməsinə mühüm töhfələr verib.
Daha sonra çıxış edən Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev tədbir iştirakçılarının diqqətini Azərbaycanda teatr, opera və balet sənətinin zəngin tarixinə və böyük təcrübəsinə yönəldib. O, Şərqdə ilk qadın bəstəkarın Azərbaycan təmsilçisi Şəfiqə Axundova olduğunu xatırladıb və əlavə edib ki, onun 100 illik yubileyi Ankara Dövlət Opera və Balet Teatrının səhnəsində qala-konsertlə qeyd olunacaq. Tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) opera ifaçıları türk musiqisevərləri qarşısında çıxış edəcəklər.
Lalayev türk dövlətləri arasında mədəniyyət sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıb, Azərbaycanın mədəniyyət xadimlərinin qardaş ölkələrdən olan həmkarları ilə təmaslara hər zaman açıq olduğunu bildirib.
Abay adına Qazaxıstan Milli Opera və Balet Teatrının rəhbəri Aynur Kopbasarova TÜRKSOY çərçivəsində türk dövlətlərinin incəsənət sektorunun nümayəndələrinin iştirakı ilə onlayn müzakirələrin keçirilməsi təşəbbüsü ilə çıxış edib. Gənc nəslin nümayəndələri arasında türk irsinin təbliğinin vacibliyini qeyd edən Qazaxıstan təmsilçisi deyib: “Ümid edirəm ki, TÜRKSOY platforması opera və balet sənəti sahəsində yeni layihə və proqramlar üçün başlanğıc nöqtəsi olacaq. Birgə tamaşaların təşkilini də maraqlı ideya hesab edirəm”.
Qeyd olunub ki, Qazaxıstan bu il türk dövlətlərinin dirijorlarının, balet cütlüklərinin və xoreoqrafların mübadiləsi məsələsini nəzərdən keçirməyə hazırdır ki, bu da TÜRKSOY ölkələri arasında əməkdaşlığın dərinləşdirilməsi üçün mühüm təməl olacaq.
Abdılas Maldıbayev adına Qırğızıstan Milli Akademik Opera və Balet Teatrının direktor müavini Cəmilə Tulyayeva bildirib ki, Bişkekdə məşhur tamaşalarla yanaşı, müasir incəsənət tendensiyalarına da diqqət yetirilir. O əlavə edib ki, Qırğızıstanın teatr kollektivlərindən biri bu yaxınlarda Bakıya gələcək və burada Azərbaycan tamaşaçılarına ekologiya mövzusunda tamaşa təqdim edəcək. Direktor müavini qeyd edib ki, Qırğızıstanda müasir balet və opera sənətinin problemlərindən biri də kadr çatışmazlığıdır. Bu səbəbdən tamaşalara ölkənin xoreoqrafiya məktəblərinin tələbələri dəvət olunur. Qırğızıstan nümayəndəsi tematik teatr proqramlarının, o cümlədən yay aylarında İssıkkul kimi turizm bölgələrində tamaşaların təşkil edilməsi təklifini irəli sürüb.
Əlişir Nəvai adına Özbəkistan Böyük Dövlət Akademik Teatrının direktoru Ramiz Usmanov, öz növbəsində, görüş iştirakçılarına Türkiyədən məşhur dirijorların və incəsənət xadimlərinin Daşkəndə dəvət olunmasından danışıb. O, TÜRKSOY-un təşəbbüslərinin türk dövlətləri arasında mədəni sahədə gələcək qarşılıqlı fəaliyyət üçün stimul olacağına əminliyini ifadə edib. Tədbir iştirakçılarına Türkmənistanın opera sənəti haqqında da məlumat verilib. Qeyd olunub ki, Aşqabadda ənənəvi sənətlə müasir cərəyanların sintezinə xüsusi diqqət yetirilir və son illər Türkmənistanda opera sənəti ikinci inkişaf mərhələsini keçirir və bu, yeni vokal istedadlarının axtarışında, onların hazırlanmasında özünü büruzə verir.
ŞKTC Opera və Balet üzrə Dövlət Koordinasiya Mərkəzinin nümayəndəsi Tuğrul Enver Töre TÜRKSOY-a və türk Kiprinin mədəniyyət və incəsənət sahəsinə verdiyi dəstəyə görə Türkiyə hökumətinə təşəkkür edib. Şimali Kipr hökumətinin adada mədəni həyatın inkişafına öz töhfəsini verdiyini diqqətə çatdıran Töre bildirib: “ŞKTC-nin incəsənət və mədəniyyət nümayəndələri türk dövlətləri ilə mədəni əlaqələrin gücləndirilməsi məqsədilə TÜRKSOY platformasından tam istifadə etməyə hazırdırlar. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin tədbirlərində iştirak etməkdən də qürur duyuruq”.
Tədbir zamanı TÜRKSOY-a üzv ölkələrin teatrlarının fəaliyyətindən bəhs edən videoçarxlar nümayiş etdirilib, türk dövlətlərinin mədəniyyəti mövzusunda fotosərgi təşkil olunub.
İclasın sonunda TÜRKSOY-a üzv ölkələrin Opera və Balet Teatrları Direktorlar Şurasının 2025-ci il üçün planları müəyyən edilib.