Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycan Respublikasının Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə görkəmli dramaturq Cəfər Cabbarlının 125 illiyi münasibətilə yazıçının müxtəlif bədii janrlarda yaratdığı əsərlərdən ibarət “Seçilmiş əsərləri” və “Böyük sənət fədaisi” adlı kitabların təqdimatı olub.

Tədbir “C.Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım” İctimai Birliyinin “Cəfər Cabbarlı - ədəbiyyatımızın böyük sənət fədaisi” adlı layihəsi çərçivəsində keçirilib.

Təqdimat mərasimində çıxış edən Əməkdar mədəniyyət işçisi Qəmər Seyfəddinqızı görkəmli ədibin 125 illiyi çərçivəsində görülən işlər, layihələr və yeni kitablar haqqında geniş məlumat verib.

“Yazıçının Cümhuriyyət öncəsi qardaş Osmanlı türklərinin tarixi mücadiləsinə həsr etdiyi və “Seçilmiş əsərləri”nə daxil edilmiş “Ulduz” və ya “Trablis müharibəsi” əsərini ömrünün gənclik çağında, 18 yaşında qələmə alıb. Bu əsərdə hadisələr İtaliya-Türkiyə müharibəsi fonunda cərəyan edir. “Ədirnə fəthi” pyesində isə, türk xalqının itirilmiş Ədirnə torpaqları uğrunda vətənpərvərlik hərəkatı, qəhrəmanlıq və rəşadəti əsərin əsas mövzusunu təşkil edir. Cəfər Cabbarlının bədii, publisistik yaradıcılığı çoxşaxəli, mövzu etibarilə rəngarəng, əhatəli və dərin məzmunludur. O, özündən sonra romantik yazıçı kimi koloritli, dolğun bədii üslubu əks etdirən bədii dil yaradaraq, zəngin ədəbi-bədii, elmi irs qoyub”,- deyə o əlavə edib.

Professor Asif Rüstəmli görkəmli dramaturqun ədəbiyyatımıza, mədəniyyətimizə verdiyi töhfələr haqqında danışıb. O, Cəfər Cabbarlının adını daşıyan Gənclər Kitabxanasının əməkdaşlarının hazırladığı dramaturqun həyat və yaradıcılığının bütün aspektlərini əhatə edəcək 800 səhifəlik biblioqrafiyanın böyük əmək sayəsində ərsəyə gələn fundamental bir əsər olduğunu bildirib. Professor Cəfər Cabbarlının Azərbaycan ədəbiyyatını, ədəbi dilinin zənginliyini mükəmməl bilən qələm sahibi olduğunu, ədəbiyyatın milli ənənələrini qorumaqla yanaşı, daim yenilik və müasirlik uğrunda mübarizə apardığını, öz yaradıcılığında qadın azadlığı mövzusuna geniş yer verdiyini vurğulayıb.

Professor Tahirə Məmməd “Ulduz” və “Ədirnə fəthi” əsərlərinin uzun illər geniş oxucu kütləsinə təqdim edilməsi üçün çalışdığını söyləyib. 80-ci illərdə bu pyeslərin onun tərəfindən təhlil edilməsinə və sonradan professor Asif Rüstəmli sayəsində əlyazmalardan kitab halına köçürülməsinə imkan yarandığını bildirib.

BDU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru Məhbubə Qurbanova “Ön söz” müəllifi Qəmər Seyfəddinqızı olan “Böyük sənət fədaisi” adlı kitabçada oxucuların böyük yazıçı və dramaturq Cəfər Cabbarlının həyatının önəmli məqamları, eləcə də yaradıcılığının müxtəlif dövrlərində yaşanan və yaxın zamanadək oxuculara naməlum qalan bir sıra ziddiyyətli, tarixi anları ilə tanış olacağından danışıb.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Dünya ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Gülər Abdullabəyova, filologiya üzrə fəlsəfə doktoru Aytən Qurbanova, yazıçı, publisist Nəzakət Əhmədova yaradıcılığı ilə milli oyanış ideyalarının carçısına çevrilmiş Cəfər Cabbarlının 35 illik ömür yolunda yaratdığı dəyərli əsərləri ilə dilimizin saflığını, azadlıq və istiqlal məfkurəsini təbliğ etdiyini, azadlığı, türkçülüyü, istiqlalı alqışlayan milli ruhlu ziyalı olduğunu diqqətə çatdırıblar.

Sonda yeni nəşrlər kitabxanaya hədiyyə edilib.