Azərbaycanın musiqi mədəniyyəti salnaməsinə adını qızıl hərflərlə yazdırmış dahi bəstəkar, musiqişünas, pedaqoq, publisist, ictimai xadim Üzeyir Hacıbəylinin zəngin mədəni irs yadigar qoyub. Onun mədəniyyətimiz qarşısında misilsiz xidmətləri bu böyük şəxsiyyətin adı ilə şərəflənən, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən XVI Beynəlxalq Musiqi Festivalında (18-28 sentyabr) bir daha yada salınır, təhlil olunur.
Festival çərçivəsində Bakıdakı Nizami Kino Mərkəzində və bölgələrdə fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində müxtəlif səpkili tədbirlər keçirilir. Xarici ölkələrdəki Azərbaycan Mədəniyyət Mərkəzlərində də konsertlər təşkil olunur.
Festival günlərində qeyd edilən mədəniyyət ocaqlarında Üzeyir bəyin dünya şöhrəti qazanmış "Arşın mal alan" operettası əsasında lentə alınan eyniadlı filmi də nümayiş etdirilir.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və regional mədəniyyət idarələrinin tabeliyində fəaliyyət göstərən müəssisələrdə keçirilən tədbirlərdə Üzeyir Hacıbəylinin həyat və yaradıcılıq yolu haqqında söhbət açılır. Dahi bəstəkarın musiqi mədəniyyətimizin inkişafına verdiyi misilsiz töhfələr minnətdarlıqla xatırlanır.
Festival çərçivəsində Üzeyir Hacıbəylinin zəngin mədəni mirası eyni zamanda rəsm və kitab sərgiləri, musiqili kompozisiya və səhnəciklərlə də təbliğ olunur.