Mingəçevir Dram Teatrı özünün 57-ci mövsümünü fərqli məkanda – Kür çayı sahilində açıb. Sentyabrın 21-də baş tutan tədbir şəhər sakinləri tərəfindən maraqla qarşılanıb.

Teatrdan verilən məlumata görə, Ağdaş Regional Mədəniyyət İdarəsi, Mingəçevir Şəhər İcra Hakimiyyəti, Mingəçevir Dövlət Universitetinin nümayəndələri, eləcə də şəhər sakinləri və media mənsublarının iştirak etdiyi tədbir əsl bayram ovqatında keçib.

Teatrın direktoru Əməkdar artist  İntiqam Soltan təbrik çıxışında sənət ocağının zəngin yaradıcılıq yolu haqqında qısa məlumat verib, teatrın milli-mədəni dəyərlərin təbliğində oynadığı rolu vurğulayıb, repertuar siyasətində bu məqamı daim diqqət mərkəzində saxladıqlarını deyib. Bildirib ki, yeni mövsümdə tamaşaçıları maraqlı və məzmunlu səhnə əsərləri gözləyir.

Aktyor heyəti repertuardan seçmə nümunələr əsasında tamaşa-kompozisiyanı təqdim edib. Müxtəlif janr və mövzulu səhnə işlərindən hazırlanan tamaşa çələngi, eləcə də rəngarəng musiqi nömrələri tədbirə toplaşanlar tərəfindən alqışlarla qarşılanıb.