Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti, professor Firəngiz Əlizadə Sankt-Peterburqda görkəmli rus bəstəkarı A.P.Petrov adına Bəstəkarların XVIII Açıq Müsabiqəsində növbəti dəfə münsiflər heyətinə sədrlik edib.

2007-ci ildən keçirilən müsabiqəyə müxtəlif ölkələrdən bəstəkarlar qatılır. 2019-cu ildən müsabiqənin münsiflər heyətinin sədri professor Firəngiz Əlizadədir.

ABİ-dən verilən məlumata görə, müsabiqə çərçivəsində sentyabrın 19-da Sankt-Peterburq Dövlət Konservatoriyasında Firəngiz Əlizadə ilə görüş keçirilib. Arkadi Şteynluxtun dirijorluğu ilə bəstəkarın “Metamorfozlar” (“Şüştər”) əsəri yüksək səviyyədə ifa edilib. Rusiyada ilk dəfə ifa olunan əsər alqışlarla qarşılanıb.

Firəngiz Əlizadənin sədri olduğu münsiflər heyətində dirijor, Rusiyanın “Qızıl maska” milli teatr mükafatının laureatı Fyodor Lednyov, bəstəkar, Sankt-Peterburq Konservatoriyasının professoru Anatoli Korolyov, dirijor, Rusiyanın Əməkdar artisti Arkadi Şteynluxt və başqaları yer alıb.

Üç turdan ibarət müsabiqəyə 140 bəstəkarın əsəri (simfonik, mahnı və estrada əsərləri) təqdim olunub. Birinci yerə Sankt-Peterburqdan Artur Vabel, ikinci yerə Nyu-Yorkdan çinli bəstəkar Zi Tao, üçüncü yerə Rusiya bəstəkarı Artyom Lauxin layiq görülüblər. Müsabiqənin diplomantı türk bəstəkar Ufuq Biçak olub.