Ənənəvi olaraq Azərbaycan Bəstəkarlar İttifaqı (ABİ) da Üzeyir Hacıbəyli festivallarında fəal iştirak edir. İttifaq bu il də Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalının bir neçə tədbirinin ev sahibidir.
Sentyabrın 24-də ABİ-də “Üzeyir Hacıbəyli – akademik” mövzusunda elmi konfrans keçirilib.
İttifaqın sədri Xalq artisti, professor Firəngiz Əlizadə Üzeyir Hacıbəylinin zəngin yaradıcılığından söhbət açaraq 2009-cu ildən keçirilən festivallarda dahi sənətkarın irsinin müxtəlif istiqamətlərinin elmi araşdırmalarda təqdim olunduğunu qeyd edib. “Üzeyir bəyin yaradıcılığı elə bir zəngin xəzinədir ki, orada hələ də açılmayan səhifələr var. Odur ki, musiqisevərlər üçün bu tükənməz bir mənbədir”, – deyə Firəngiz Əlizadə bildirib.
Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Nəsirova “Üzeyir Hacıbəylinin lad nəzəriyyəsi XX əsr musiqi elminin kontekstində: paradokslar və perspektivlər”, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı “Üzeyir Hacıbəylinin akademik kimi fəaliyyəti”, sənətşünaslıq üzrə elmlər doktoru, dosent Leyla Zöhrabova “Üzeyir Hacıbəylinin yaradıcılığında milli lad sistemi”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Humay Fərəcova-Cabbarova “Üzeyir Hacıbəylinin “Azərbaycan xalq musiqisinin əsasları” elmi işinin müasir musiqi təhsili sistemində rolu” mövzusunda çıxışlar ediblər.
Çıxışlar arasında sənətşünaslıq üzrə fəlsəfə doktoru, beynəlxalq müsabiqələr laureatı Sevda Məmmədlinin ifasında Ü.Hacıbəylinin “Arşın mal alan” operettası əsasında R.Babayevin “Fantaziya”sı və M.Maqomayevin məşhur “Azərbaycan” mahnısı instrumental variantda təqdim olunub.