Səbrin sonu – Zəfərin başlanğıcı

 

Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda otuzillik mücadiləsinin həlledici mərhələsi – 44 günlük haqq savaşının, şan-şərəf salnaməsinin başlandığı 27 Sentyabrın dördüncü ildönümü tamam olur.

Milli təqvimimizdə əbədi anlam qazanan bu tarix təkcə 2020-ci ilin Vətən müharibəsində deyil – ondan öncə və sonra – işğal altındakı Vətən torpaqlarının azad edilməsi uğrunda həlak olmuş cəmi şəhidlərimizin Anım Günüdür.

2020-ci ilin 27 sentyabrı səbrin sonu idi. Ali Baş Komandan yağı düşməni yurd yerlərimizdən vurub çıxarmaq əmrini vermişdi: “Hesab edirdilər ki, bizim torpaqlarımızda əbədi oturacaqlar, bizə meydan oxuyacaqlar. Səbrimiz tükəndi, dedim irəli!...”.

2020-ci ilin 27 sentyabrı böyük Zəfərin başlanğıcı idi. Həmin gün irəli gedən igidlər tariximizə şan və şərəf salnaməsi yazdılar.

Prezident, Ali Baş Komandan İlham Əliyev Qarabağ məsələsinin milli məsələ, bu məsələnin həllinin isə tarixi vəzifə olduğunu bəyan etdi: “Biz bunu elə həll etməliyik ki, tarixi ədalət bərpa edilsin. Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun...”.

Necə deyilmişdi, elə də oldu.

“Biz milli ləyaqətimizi bərpa etdik. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq” – dövlətimizin başçısı Vətən müharibəsinin başlanmasının birinci ildönümündə xalqa müraciətində belə dedi.

Azərbaycan xalqı adlarını tariximizə əbədi həkk etmiş qəhrəman övladlarının xatirəsini qəlbində yaşadır. Şəhidlərin xatirəsi ölkəmizin hər yerində əbədiləşdirilir.

Şəhidlərimizin şərəfinə abidə – bu qaya parçası isə Füzuli rayonunun Qaraxanbəyli kəndinin yaxınlığında qoyulub. Bura 2020-ci ilin 27 sentyabrında Vətən uğrunda ölümsüzlüyə gedənlərin ilk şəhadət yerlərindən biridir...

“Haradan başlayır Vətən” deyiləndə bu qaya parçası da əzəmətli sükutu ilə cavab verir...

O şəhadət abidəsinin yanından keçən yolla azad və abadlaşan torpaqlarımıza onların əzəli sakinləri qayıdır. Böyük Qayıdışın ünvanları artır, sırası genişlənir. Anım Günü ərəfəsində, 2024-cü ilin 26 sentyabrında o sıraya Cəbrayıl şəhəri də yazıldı.

Torpaqlarımızı canı-qanı bahasına bizə qaytaranlara əbədi şükranlıq borcumuz var...

Vüqar Orxan