Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq yazıçısı Kamal Abdullanın “Sehrbazlar dərəsi” romanı əsasında eyniadlı tamaşanın oxunuş məşqlərinə başlanılıb.

Teatrın bədii rəhbəri Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə və yazıçı Kamal Abdulla tamaşanın yaradıcı heyəti ilə görüşüb, yeni işdə kollektivə uğurlar arzu ediblər.

Tamaşaya Əməkdar incəsənət xadimi Bəhram Osmanov quruluş verir. Quruluşçu rəssam Gennadi Skoromoxov, bəstəkar Xalq artisti Siyavuş Kərimi, səhnə hərəkəti və plastika üzrə mütəxəssis Bəhruz Əhmədli, işıq üzrə rəssam Rafael Həsənov, rejissor assistenti Ceyran Başarandır.

Səhnə əsərində Xalq artistləri Əli Nur, Kazım Abdullayev, Əməkdar artistlər Füzuli Hüseynov, Rövşən Kərimduxt, Mətanət Atakişiyeva, Kazım Həsənquliyev, aktyorlar Elnur Qədirov, İlahə Həsənova və Tural İbrahimov rol alıblar.

Kamal Abdullanın 2006-cı ildə nəşr olunan romanı oxucuların və ədəbiyyat tənqidçilərinin böyük marağına səbəb olub. Mistik əhvalatların baş verdiyi əsər paralel dünyalar arasındakı ahəngdən, atası Cəlladbaşını axtaran Karvanbaşının taleyin hökmü ilə Sehrbazlar dərəsinə gəlib çıxması və burada yaşamasından, Ağ dərvişin və hər iki dünyada yaşayan Səyyah sehrbazın çağırdığı ruhla Karvanbaşının faciə ilə bitən sirli görüşündən bəhs edir.

“İnsan həqiqəti öyrənməyə çox can atır, çox tələsir, amma unudur ki, bu yolun sonunda, mənzil başında onu fəlakət və bədbəxtlik də gözləyə bilər. Ümumiyyətlə, həqiqəti anlamaq istəyi nəyə gətirib çıxarır? İntiqam vacibdirmi?” deyən quruluşçu rejissor Bəhram Osmanov yeni səhnə işində bu qəbil suallara cavab axtardığını və mövzuya insan problemi kontekstində baxmağa çalışdığını bildirib.