Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2-8 oktyabr tarixlərində X Bakı Beynəlxalq Kitab Sərgisi keçiriləcək.

Sentyabrın 28-də sərgiyə hazırlıq prosesi ilə əlaqədar Azərbaycan Milli Kitabxanasında Mədəniyyət Nazirliyinin nümayəndələri və nəşriyyat rəhbərlərinin iştirakı ilə görüş keçirilib.

Bakı Beynəlxalq Kitab Sərgisi Təşkilat komitəsinin sədri, nazir müavini Fərid Cəfərov bildirib ki, bu il sərginin 10 illik yubileyidir və ötən illərlə müqayisədə sərginin müddəti uzadılıb. İlk dəfə olaraq builki sərgi 7 gün davam edəcək. Kitab festivalı çərçivəsində müxtəlif formatda 320-dən çox tədbir təşkil olunacaq və bu statistika Bakı Beynəlxalq Kitab Sərgisinin 15 illik tarixində ən yüksək göstəricidir.

Qeyd olunub ki, sərgidə 19 ölkədən 56 xarici təşkilat, kitab sənayesinin 110 subyekti iştirak edəcək. İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı - ICESCO builki sərginin “fəxri qonaq qurum”u olacaq.

Görüş çərçivəsində sərginin ümumi proqramı, Bakı Ekspo Mərkəzinə avtobusların gediş-gəliş qrafiki və marşrut xətləri, sərginin təbliğatı ilə əlaqədar qarşılıqlı görüləcək işlər, nəşriyyatlar tərəfindən kitablara endirimlərin tətbiq olunması və digər təşkilati məsələlərlə bağlı geniş müzakirə aparılıb.

Sonda nazirliyin dəstəyi ilə beynəlxalq kitab sərgilərində yerli nəşriyyatların iştirakına dəstək göstərilməsi, regionlarda kitab sərgilərinin təşkil olunması və mütaliə mədəniyyətinin formalaşdırılması məqsədilə birgə layihələrin həyata keçirilməsi məsələləri də müzakirə edilib.