Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) idarə heyəti ölkədə kino sahəsinin inkişafı və qarşıda duran problemlərin həlli üçün birgə səylərin vacibliyini vurğulayan bəyanat yayıb.

AKİ idarə heyətinin sentyabrın 26-da keçirilən iclasında qəbul edilən bəyanatda deyilir ki, ittifaq “Azərbaycanfilm” kinostudiyasının kino istehsalı sahəsində flaqman statusunun saxlanılmasını, studiyada istehsalın bərpa edilməsini vacib sayır. Qeyd olunur ki, həm “Azərbaycanfilm”in, həm də özəl studiyaların fəaliyyətinin inkişafı üçün 1998-ci ildə qəbul edilmiş “Kino haqqında” qanun və Nazirlər Kabinetinin müvafiq normativ aktları  günün tələblərinə uyğunlaşdırılmalıdır.

“AKİ Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin türk dövlətlərinin birgə kino istehsalı istiqamətində atdığı addımları dəstəkləyir və “Molla Nəsrəddin” tammetrajlı bədii filminin maliyyələşdirilməsini və istehsalına şəraitin yaradılmasını müsbət addım kimi qeyd edir, layihənin uğurla reallaşması üçün bütün dəstəyin göstərilməsini vacib sayır. Türk respublikaları ilə birgə istehsalın davamı kimi bir neçə ildir aidiyyəti orqanlara təqdim edilmiş Xalq yazıçısı Anarın “Dədə Qorqud” ssenarisinin kinomuzun beynəlxalq əlaqələrinin formalaşması və gənc nəslin milli ruhda tərbiyəsi üçün mühüm bir layihə olduğunu vurğulamaqla, ekranlaşdırılmasını vacib hesab edirik”, – deyə bəyanatda daha sonra bildirilir.

Prezident İlham Əliyevin sərəncamı ilə Mədəniyyət Nazirliyinin tabeliyində Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) yaradılmasını idarəçilik institutu olaraq təqdir edən AKİ, bununla yanaşı, agentliyin nizamnaməsində təsbit olunmuş strukturların tam formalaşmasının vacibliyini vurğulayır. Agentliyin tələbə filmlərinin maliyyələşdirilməsi təşəbbüsü müsbət hal kimi qeyd edilir. Bildirilir ki, xüsusilə layihə və ssenari müsabiqələrinin ildə iki dəfədən az olmayaraq keçirilməsi təmin edilməli, kadr seçimində kino təcrübəsi və kino təhsili olan mütəxəssislərə üstünlük verilməlidir.

Türk respublikaları, Avropa ölkələri ilə birgə istehsalatın dəstəklənməsi, ölkəmizdə film istehsalı həcminin pandemiyaya qədərki göstəriciləri səviyyəsində bərpa olunmasını vacib sayan AKİ aidiyyəti orqanları kino zallarının sayının artırılması istiqamətində investisiyaları dəstəkləməyə çağırır.

Bəyanatda kino tariximizin qızıl illərinin kinematoqrafçılarla ədəbiyyatımızın sıx əlaqədə olduğu diqqətə çatdırılaraq, bu əlaqələrin bərpası və inkişaf etdirilməsi üçün yaradıcı ittifaqların və Mədəniyyət Nazirliyinin birgə işinin vacibliyi vurğulanır. Bununla yanaşı, AKİ özəl investisiyaların kinomuza axınını təmin etmək üçün İqtisadiyyat Nazirliyi və Mədəniyyət Nazirliyi ilə birlikdə “Biznes və kino” forumunun təşkili təşəbbüsünü irəli sürür.