Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2-8 oktyabr tarixində Bakı Ekspo Mərkəzində X Bakı Beynəlxalq Kitab Sərgisi (Baku International Book Fair – 2024) keçiriləcək.
Sərginin təşkilat komitəsi tərəfindən şair Salam Sarvan və yazıçı Rövşən Abdullaoğlu builki sərginin “fəxri yazar”ları seçiliblər.
Salam Sarvan müasir Azərbaycan poeziyasının tanınmış nümayəndələrindən biridir. “Sənə deyiləsi deyil sənə deyiləsi sözüm”, “Mən gələr olmadım, yolu qarşıla”, “Heykəl tənhalığı” adlı şeir kitablarının müəllifidir. Şairin əsərləri bir sıra dillərə tərcümə olunub.
Rövşən Abdullaoğlu çağdaş nəsrimizdə ən çox oxunan yazıçılardan biri və 32 kitab müəllifidir. “Relslər üzərində uzanmış adam” romanı 2020-ci ildə “Readers Favorite” beynəlxalq kitab müsabiqəsinin qalibi olub.
Sərgi çərçivəsində 7 gün ərzində fəxri yazarların iştirakı ilə sərgi salonunda müxtəlif formatda tədbirlər (kitab təqdimatı, imza saatları, oxucularla görüş, xarici yazarlarla birgə panellər) təşkil olunacaq.
Ziyarətçilərin metronun “Elmlər Akademiyası”, “28 May” və “Koroğlu” stansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə ödənişsiz gediş-gəlişi təmin ediləcək.
Sərginin iş vaxtı: 10:00-dan 20:00-dəkdir. Sərgi məkanına giriş ödənişsizdir.
Avtobusların hərəkət qrafiki ilə bu linkdən tanış ola bilərsiniz: https://culture.gov.az/medias/media/other/1004/2024-bbks-avtobuslar-n-qrafiki.pdf