Bu gün Bakıda Çex Respublikasının Dövlətçilik Günü münasibətilə rəsmi qəbul təşkil olunub.

Rəsmi qəbulda əvvəlcə Azərbaycanın və Çexiyanın Dövlət himnləri səsləndirilib.

Tədbirdə çıxış edən Çexiyanın Azərbaycandakı səfiri Milan Sedlaçek ölkəsinin dövlətçilik gününün tarixindən danışıb və Çex Respublikasının əldə etdiyi nailiyyətlər barədə də ətraflı məlumat verib. Çexiyanın digər ölkələrlə qarşılıqlı faydalı əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdıran səfir Azərbaycan-Çexiya münasibətlərinə toxunaraq, ölkələrimiz arasındakı strateji tərəfdaşlıq əlaqələrinin inkişafından danışıb.

Diplomat müxtəlif sahələrdə əlaqələrimizin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. Qeyd edib ki, yüksəksəviyyəli qarşılıqlı səfərlər, keçirilən görüşlər əlaqələrimizin genişlənməsində xüsusi rol oynayır: “Çexiya və Azərbaycan həm də yaxşı ticarət tərəfdaşlarıdır. Əlaqələrimizin dərinləşdirilməsi üçün böyük potensial vardır. Yüksək səviyyədə qarşılıqlı səfərlər, diplomatik və parlamentlərarası əlaqələr, müxtəlif sahələrdə əməkdaşlığımız münasibətlərimizin yüksək tempdə irəliləməsinə şərait yaradır”. Diplomat Çexiya və Azərbaycan arasındakı əlaqələrin inkişaf edərək daha da dərinləşəcəyinə əminliyini ifadə edib. Azərbaycan Hökuməti adından çex xalqını təbrik edən Xarici İşlər Nazirliyinin Avropa İdarəsinin rəisi Məmməd Əhmədzadə bu ölkəyə sülh və əmin-amanlıq arzu edib. Azərbaycanla Çexiyanın çox yaxşı tərəfdaş olduğunu bildirən XİN rəsmisi deyib ki, ölkələrimiz arasında qarşılıqlı dostluq və əməkdaşlığa əsaslanan münasibətlər mövcuddur. Çexiya Avropada Azərbaycanın üçüncü ən böyük ticarət tərəfdaşıdır. Müxtəlif sahələrdə əlaqələrimizin yüksələn xətlə inkişaf etdiyini qeyd edən M.Əhmədzadə yüksək səviyyəli qarşılıqlı səfərlərin, keçirilən görüşlərin əlaqələrimizin genişlənməsində xüsusi rol oynadığını vurğulayıb. Bildirib ki, ticarət dövriyyəmiz də xeyli artıb.

Ölkələrimiz arasında münasibətlərin səmərəli əməkdaşlığa əsaslandığını vurğulayan M.Əhmədzadə son dövrlərdə qarşılıqlı səfər və təmasların artdığını deyib. “Əminik ki, birgə səylərimizlə ölkələrimiz arasındakı strateji tərəfdaşlıq əlaqələri dövlətlərimizin və xalqlarımızın rifahı naminə bundan sonra da uğurla inkişaf edəcək”, - deyə XİN rəsmisi vurğulayıb. Qəbulda dövlət və hökumət nümayəndələri, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun və ictimaiyyət nümayəndələri iştirak ediblər.