Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Sosial İqtisadi Kollecdə 27 Sentyabr - Anım Günü qeyd edilib.

Bu barədə kollecdən məlumat verilib.

Əvvəlcə kollecin kollektivi Bakıxanov qəsəbəsində yerləşən Şəhidlər xiyabanını ziyarət edib. Müstəqilliyimiz, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub, məzarları üzərinə gül dəstələri qoyulub.

Kollecdə keçirilən tədbirdə tələbələrin ifasında şeir, mahnı və səhnəciklər təqdim olunub.

Tədbirdə çıxış edən kollecin direktor müavini Zaur Vəliyev Vətən müharibəsində əldə edilən Zəfərin Azərbaycan dövləti, xalqı və ordusunun dəmir yumruq kimi birliyi hesabına qazanıldığını qeyd edib.

Kollecin direktoru Şəhriyar Laçınov Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda müharibədə rəşadətli əsgər və zabitlərimizin, arxa cəbhədə çalışan mülki insanlarımızın, bütövlükdə xalqımızın həmrəylik nümayiş etdirdiyini xüsusi vurğulayıb. Qeyd olunub ki, bizə Qələbə sevincini bəxş edən şəhidlərimizin xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq.