Hüseyn Cavidin Ev-Muzeyində Anım Günü (27 sentyabr) münasibətilə tədbir keçirilib.

Əvvəlcə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı tədbiri açaraq bildirib ki, Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlayıb. Cəmi 44 gün ərzində 30 illik işğala son qoyulub, xalqımıza əbədi Zəfər ruhu bəxş olunub: “Bu gün ölkəmizin ərazi bütövlüyü və suverenliyi yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizi dərin ehtiramla yad edirik, ruhları önündə baş əyirik”.

Sonda Hüseyn Cavidin Ev-Muzeyinin hazırladığı “44 günün qəhrəmanları” mövzusunda sənəd, şəkil və digər materiallardan ibarət sərgi təqdim olunub.