Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və AMEA Arxeologiya və Antropologiya İnstitutunun birgə təşkilatçılığı ilə Karvan dərəsi kurqanlarında “Keşikçidağda  arxeoloji qazıntılar və Yay məktəbi – 4” adlı layihə həyata keçirilir.

25 avqust – 5 oktyabr tarixlərini əhatə edən layihə Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent Şamil Nəcəfovun rəhbərliyi ilə gerçəkləşir.

Layihə çərçivəsində sentyabrın 28-də Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Arxeologiya və Antropologiya İnstitutunun təşəbbüsü və   Ağstafa Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu tərəfindən Ağstafa rayon Heydər Əliyev Mərkəzində elmi  seminar keçirilib.

Dövlət Xidmətinin nümayəndəsi Emin İbrahimov, Ağstafa RİH-in əməkdaşları Hamil Həsənov və Cəlal Nəsibov, gənc könüllülər, tarix müəllimləri və rayon ziyalılarının iştirak etdiyi seminar Ulu öndərin Ağstafa rayon Heydər Əliyev Mərkəzinin önündə ucaldılmış abidəsinin ziyarət edilməsi ilə başlanıb. Daha sonra qonaqlar qoruq ərazisində aşkarlanmış maddi mədəniyyət nümunələrindən ibarət sərgi, qoruğa məxsus çap məhsulları, o cümlədən bir sıra artefaktların qoruq əməkdaşı tərəfindən bərpa edilməsi prosesi ilə tanış olublar.

“Keşikçidağ” qoruğunun direktoru Musa Mursaquliyev seminarı açıq elan edib. Layihənin ekspedisiya rəhbəri dosent Şamil Nəcəfov, institutun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent Vaqif Əsədov, elmi işçi, bərpaçı-rəssam Fərhad Fərmanov, Bakı Dövlət Universiteti Qazax filialının baş müəllimi İndira Səmədova, rayonun tarix müəllimləri, digər qoruqların əməkdaşları və Dövlət Xidmətinin Gəncə Regional Bölməsinin abidə mühafizəçilərinin çıxışları dinlənilib. Qoruğun əməkdaşı Firuzə Məmmədova layihə müddətində arxeoloji qazıntı sahəsini ziyarətlə bağlı statistik məlumatlar, media ilə əməkdaşlıq məsələləri barədə məlumat verib.

Dövlət Xidmətinin tabeliyindəki qoruqların elmi işçiləri də “Zoom” platforması vasitəsilə elmi seminara qoşulublar.