Mədəniyyət Nazirliyində “Xəzər” Biennalesinin iştirakçıları ilə görüş
Uzunillik fasilədən sonra Bakıda beynəlxalq təsviri sənət layihəsi – “Xəzər” Biennalesi bərpa olunur.
Sentyabrın 30-da Mədəniyyət Nazirliyində “İncəsənətdə və abstrakt sənətdə antibiznes” mövzusunda “Xəzər” Biennalesi çərçivəsində Bakıda səfərdə olan bir sıra ölkələrin rəssamlar ittifaqlarının təmsilçiləri ilə görüş keçirilib.
Görüşdə İbrahim Vəlixocayev (Özbəkistan), Nərgiz Həmidova (Tacikistan), Umirbek Jubaniyazov (Qazaxıstan), Laslo Lelkes (Macarıstan), Quram Sertsvadze (Gürcüstan), Ankara Rəsm və Heykəl Muzeyinin direktoru Erdem Akkurt və Azərbaycan Rəssamlar İttifaqının sədri Xalq rəssamı Fərhad Xəlilov iştirak ediblər.
Qonaqları salamlayan mədəniyyət naziri Adil Kərimli “Xəzər” Biennalesi platformasının əhəmiyyətini qeyd edib. Bildirib ki, layihə çərçivəsində Xəzəryanı və digər ölkələrdən rəssamlar, kuratorlar və ekspertlərin bir araya gəlməsi diqqətəlayiq hadisədir. Biennale ölkələrimiz arasında təsviri sənət sahəsində əlaqələrin genişlənməsinə öz töhfəsini verir, təcrübə mübadiləsinə münbit şərait yaradır.
Çıxış edən qonaqlar da biennalenin mədəni mübadilənin dərinləşməsində rolunu vurğulayıb, birgə sərgilərin keçirilməsinin faydalı olacağını bildiriblər.
Söhbət zamanı “Xəzər” Biennalesinin əhatə dairəsinin genişlənməsindən məmnunluq ifadə olunub.
Görüşün sonunda xatirə şəkilləri çəkdirilib.
Xatırladaq ki, Bakıda “Xəzər” Biennalesi ilk dəfə 1989-cu ildə, ikinci dəfə 2013-cü ildə keçirilib.