Oktyabrın 1-də İstanbulda VI Maltəpə Beynəlxalq Teatr Festivalı başlanıb.
Avrasiya Teatrlar Birliyi (ATB) və İstanbulun Maltəpə Bələdiyyəsinin birgə təşkilatçılığı ilə keçirilən festivalın məqsədi müxtəlif ölkələrdə fəaliyyət göstərən teatr təmsilçilərini “Həyat səhnədə!” devizi ilə bir araya gətirməklə sənət mübadiləsinə nail olmaqdır.
Noyabrın 1-dən davam edəcək builki festivala İtaliya, İspaniya, Rumıniya, Serbiya, Portuqaliya, Özbəkistan, Qazaxıstan, Şimali Kipr və Ukraynadan – ümumilikdə 11 ölkədən 29 teatr qatılıb. Festival ərzində 32 tamaşa nümayiş olunacaq.
Ölkəmizdən Gəncə Dövlət Milli Dram Teatrının yaradıcı kollektivi türk dramaturqu Əziz Nesinin “Toros canavarı” pyesi əsasında hazırlanmış eyniadlı tamaşanı nümayiş etdirəcək.
Oktyabrın 4-də sənətsevərlərə təqdim ediləcək “Toros canavarı”nın quruluşçu rejissoru İstanbulun Maltəpə teatrının baş rejissoru, ATB-nin baş katibi Kubilay Erdelikara, rejissoru təşkilatın Azərbaycan üzrə təmsilçisi Yusif Cəfərov, quruluşçu rəssamı Mustafa Mustafayevdir.
Səhnə əsərində əsas rolları Əməkdar artistlər İlham Hüseynov, Sevda Orucova, Novruz Cəfərov, Ramiz Vəliyev, aktyorlar Günay Cabbarova, Samir Abbasov, Akif Səfərov, Emil Salmanov, Elmir Məmmədov və Həsən Cəfərov ifa edirlər.
Qeyd edək ki, Gəncə teatrı ötən keçirilən beşinci Maltəpə festivalında rejissor Tural Mustafayevin quruluşunda E.İoneskonun “Kral ölür” tamaşası ilə təmsil olunmuş və Kral Beranje rolunu canlandıran Elxan Abbasov “Ən yaxşı kişi aktyor” nominasiyasında mükafata layiq görülmüşdü.