Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Yeni Klinikanın birgə təşkilatçılığı ilə 1 oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə “Hər yaşda sağlam ol” adlı tədbir keçirilib.
Tədbirdə rəsmilər, ictimaiyyət nümayəndələri, mədəniyyət xadimləri, ahıllar və digər şəxslər iştirak ediblər.
Çıxışlarda əlamətdar günün əhəmiyyətindən söz açılıb. Bildirilib ki, BMT Baş Məclisinin 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qəbul etdiyi qətnaməyə əsasən, hər il oktyabrın 1-i dünyada Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur. Günün məqsədi bu kateqoriyadan olan insanların sosial-məişət problemlərini, tibbi ehtiyaclarını öyrənmək və ictimaiyyətin diqqətini bu məsələlərin həllinə yönəltməkdir.
Tədbirin bədii hissəsində Əməkdar artist Dilarə Əliyeva və müğənni Rəsul Əfəndiyev çıxış ediblər.
***
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Nizami adına Mədəniyyət Mərkəzi Şağan Reabilitasiya Pansionatında Beynəlxalq Ahıllar Gününə həsr olunmuş konsert keçirib.
Dövlətimizin ahıllara həmişə xüsusi diqqət və qayğı göstərdiyini vurğulayan çıxışçılar Beynəlxalq Ahıllar Gününün əhəmiyyətindən danışıblar.
Sonra Mədəniyyət Mərkəzinin “Mələklər” rəqs dərnəyinin üzvləri və gənc müğənnilər rəngarəng konsert proqramı ilə çıxış ediblər.
***
Baş idarənin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 və 3 nömrəli kitabxana filiallarının əməkdaşları Beynəlxalq Ahıllar Günü münasibətilə ahıl oxucuları ziyarət edib.
Söhbət zamanı bu tarixin beynəlxalq səviyyədə qeyd olunmasının ahıllara diqqət və qayğının artırılması məqsədi daşıdığını və Azərbaycanda da ahıl insanlara dövlət qayğısının ildən-ilə artdığı bildirilib.
Sonda ahıllara kitabxana tərəfindən kitablar hədiyyə edilib.