Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yaradıcı kollektivi ölkədaxili qastrol cədvəlinə uyğun olaraq oktyabrın 14-də Gəncəyə səfər edəcək.

Yaradıcı heyət Gəncə Dövlət Milli Dram Teatrı səhnəsində “Şükriyyə” tamaşasını nümayiş etdirəcək.

Yazıçı Cavid Zeynallının eyniadlı pyesi əsasında hazırlanan tamaşa 2023-cü ildə səhnəyə çıxıb.

Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov, səhnə tərtibatçısı Samirə Həsənova, geyim üzrə rəssamı Aygün Mahmudova, işıq rəssamı Rafael Həsənov, musiqi tərtibatçısı Kamil İsmayılovdur.

Azərbaycanın istiqlal şairi Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Axundzadənin Qazaxıstandakı sürgün həyatı haqqındakı səhnə işində rolları Xalq artistləri Nurəddin Mehdixanlı, Əli Nur, Əməkdar artistlər Münəvvər Əliyeva, Şəlalə Şahvələdqızı, Mehriban Xanlarova, Vəfa Rzayeva, aktyorlar Afət Məmmədova, Rada Nəsibova, Ləman İmanova və b. ifa edirlər.