Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2-8 oktyabr tarixlərində keçirilən X Bakı Beynəlxalq Kitab Sərgisinin tədbir və təqdimatlarla zəngin maraqlı proqramı var.
Məlum olduğu kimi, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə bu il dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 530 illiyi dövlət səviyyəsində qeyd edilir. Builki kitab sərgisi də böyük söz ustadının yubileyinə həsr olunub.
Bakı Ekspo Mərkəzində sərginin rəsmi açılışından sonra gerçəkləşən ilk böyük tədbir də görkəmli şairin 530 illiyinə həsr edilən beynəlxalq konfrans olub. M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının təşkilatçılığı ilə keçirilən konfransı açıq elan edən kitabxananın direktoru professor Kərim Tahirov bu il 10-cu dəfə gerçəkləşən sərginin əhəmiyyətini yüksək qiymətləndirib. O, dövlətimiz tərəfindən klassik ədiblərimizin yaradıcılığına göstərilən diqqət və qayğıdan söz açıb.
Konfransda çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar vaxtilə Füzuliyə həsr etdiyi “Şairin kədəri haqqında” adlı yazısından fikirlər səsləndirib. Deyib ki, Füzuli türk ədəbiyyatının ən yüksək zirvəsidir. O, yaradıcılığında sözlərdən hər zaman zərgər dəqiqliyi ilə istifadə edib.
Mədəniyyət nazirinin müavini Fərid Cəfərov konfransın əhəmiyyətindən bəhs edib, kitab sərgisinin Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmasını təqdirəlayiq hal kimi dəyərləndirib.
AMEA-nın prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli Məhəmməd Füzuli yaradıcılığını sənət körpüsü adlandırıb. Bildirib ki, Füzuli irsinin araşdırılması bu gün də aktualdır. Sovet dövründə şairin yaradıcılığı ilə bağlı sanballı elmi-tədqiqat işləri aparılıb. Hazırda bu istiqamətdə araşdırmalar davam etdirilir. Bu il AMEA-nın müvafiq müəssisələrində Füzuliyə həsr olunan 24 kitab hazırlanıb. Bu kitablarda şairin həyat və yaradıcılığı ilə bağlı ən son tədqiqatlar öz əksini tapıb.
AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli Füzulinin əxlaqi-didaktik fikirlərinin bu gün də aktuallığını qoruyub saxladığını bildirib.
Gürcüstan Milli Kitabxanasının baş direktoru Konstantin Qamsaxurdiya Azərbaycan-Gürcüstan mədəni əlaqələrindən söz açıb. O, rəhbərlik etdiyi qurumda füzulişünaslıqla bağlı xeyli sayda məqalə və nəşrlər saxlanıldığını diqqətə çatdırıb. Deyib ki, 2015-ci ildə şairin bir sıra şeirləri gürcü dilində nəşr olunub.
Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, Macarıstan Milli Kitabxanasının direktor müavini Jüdir Gerencser çıxışlarında Füzuli irsinin araşdırılması və təbliği istiqamətində görülən işlərdən danışıblar. Füzulinin zəngin yaradıcılığının əsrlərdir Türk-müsəlman dünyasında ədəbi fikrin inkişafına töhfə verdiyi vurğulanıb.
Konfransda həmçinin şairin qəzəllərindən nümunələr səsləndirilib.
L.Azəri