F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Anım Günü (27 sentyabr) münasibətilə “Zəfərə gedən yol” adlı tədbir keçirilib.

Tədbirdə uşaq yazarı Çinarə Köçərli və M.Rahim adına 7 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdləri iştirak ediblər.

Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.

Kitabxananın direktoru Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova tədbiri açaraq Anım Gününün tarixi haqqında məlumat verib. Deyib ki, təqvimimizin bu əlamətdar günü 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşən, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən əsgər və zabitlərimizə olan dərin ehtiramın ifadəsidir.

Daha sonra kitabxananın əməkdaşı Əsmər Ağalar Zəfərlə başa çatan Vətən müharibəsinin qısa icmalını və mövzu ilə bağlı məlumatları özündə əks etdirən kitabları şagirdlərə təqdim edib.

Milli Konservatoriya nəzdində İncəsənət Gimnaziyasının 6-cı sinif şagirdi Əsmər Baratzadə skripkada Üzeyir bəy Hacıbəylinin “Koroğlu” operasından “Uvertüra”nı səsləndirib.

Yazıçı Çinarə Köçərli üçcildlik “44 gün Qarabağda” adlı kitabı haqqında məlumat verib. Müəllif şagirdlərə Vətən müharibəsi ilə bağlı suallar ünvanlayıb və ən doğru cavabı səsləndirən iki məktəbliyə kitablarını hədiyyə edib.

Məktəblilər şəhid Xudayar Yusifzadədən bizə xatirə qalan, Əliağa Vahidin sözlərinə yazılmış “Vətən yaxşıdır” təsnifini birlikdə oxuyublar.

Sonda Şəmistan Əlizamanlının “Vətən əmanəti” nəğməsi Əsmər Baratzadənin təqdimatında ifa olunub.