Türkiyənin Adana şəhərində 10-cu Aviasiya, Kosmonavtika və Texnologiya Festivalı – “TEKNOFEST – 2024” keçirilir.

Bu il festivalın müsabiqə və yarışlarına qatılmaq üçün rekord sayda – 1,6 milyon insan artıq qeydiyyatdan keçib. Bu barədə oktyabrın 1-də festivalın açılış mərasimində layihənin təşkilatçısı “Baykar” şirkətinin idarə heyətinin rəhbəri Selcuk Bayraktar deyib.

O qeyd edib ki, “TEKNOFEST” festivallarının iştirakçıları son illər 150-dən çox texnoloji şirkət yaradıblar, onların bəzisi artıq öz məhsullarını dünyanın onlarla ölkəsinə ixrac edir.

Bayraktarın sözlərinə görə, bu günə qədər “TEKNOFEST” üzrə Türkiyənin 27 şəhərində müsabiqə proqramları keçirilib. Bu tədbirlərdə ölkənin 81 vilayətindən, həmçinin dünyanın 120 ölkəsindən komandalar olub.

“Son yeddi il ərzində, Azərbaycanda keçirilən də daxil olmaqla, doqquz “TEKNOFEST” festivalı uğurla baş tutub. Qarşıdakı illərdə Şimali Kipr Türk Cümhuriyyətində və digər türk dövlətlərində festivallar təşkil etməyi və bununla da milli texnoloji təşəbbüsün coğrafi miqyasını genişləndirməyi planlaşdırırıq”, – deyə Selcuk Bayraktar əlavə edib.