X Bakı Beynəlxalq Kitab Sərgisi maraqlı tədbir və təqdimatlarla davam edir. Oktyabrın 3-də sərgi çərçivəsində Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Tərcümə Mərkəzi və Venesuela Bolivar Respublikasının ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə dilimizə tərcümə olunmuş məşhur Venesuela şairi Anna Mariya Oviedo Palomaresin “Söyüd krallığı” kitabının təqdimatı keçirildi.
Tədbirdə Latın Amerikası ölkələrindən Venesuela, Meksika, Kuba və Kolumbiyanın Azərbaycandakı səfirləri, Tərcümə Mərkəzi idarə heyətinin sədri Xalq yazıçısı Afaq Məsud və digər qonaqlar iştirak edirdilər.
Əvvəlcə Latın Amerikası ədəbiyyatının Azərbaycanda tanıdılması istiqamətində Tərcümə Mərkəzi tərəfindən həyata keçirilən layihələri əks etdirən videoçarx nümayiş olundu.
Xalq yazıçısı Afaq Məsud giriş sözündə Azərbaycanda Latın Amerikası ədəbiyyatına olan maraq və sevgidən, ərsəyə gətirilən kitabın bədii məziyyətlərindən danışdı.
Tədbirdə iştirak edən şair Anna Maria Palomares yaradıcılığına göstərdiyi diqqətə görə Dövlət Tərcümə Mərkəzinə minnətdarlığını bildirərək ədəbiyyatın, bədii sözün xalqları bir-birinə yaxından tanıdan, dostluq münasibətlərini daha da sıxlaşdıran ən təsirli vasitə olduğunu dedi. O, eyni zamanda şeirlərindən nümunələr səsləndirdi.
Daha sonra kitabın bədii tərcümə müəllifi şair Mahir Qarayev, Venesuelanın ölkəmizdəki səfiri Kristofer Alberto Martinez Berroteran “Söyüd krallığı” kitabında yer alan şeirlərdəki Şərq motivindən söz açaraq nəşrin bu baxımdan Azərbaycan oxucusunda xüsusi maraq yaradacağını bildirdilər.
Tədbir iştirakçılarının suallarını cavablandıran şair Azərbaycan-Venesuela ədəbi əlaqələrinin genişləndirilməsi, Azərbaycan poeziyasının Venesuelada tanıdılması ilə bağlı fikir və təkliflərini dilə gətirdi.
Tədbirin sonunda müğənni Firuzə Məmmədova “Düzənliyin ruhu” adlı Venesuela mahnısını ifa etdi.
Lalə