“Gözlərimlə gördüm ki, bölgə yenidən çiçəklənəcək”
Azərbaycanın mədəniyyət mərkəzi Şuşada olmaq mənim çoxdankı arzumun həyata keçməsi baxımından əlamətdar oldu. Deyə bilərəm ki, Qarabağ bölgəsi inanılmaz templərlə bərpa olunur. Artıq Füzulidə və Zəngilanda çox gözəl beynəlxalq aeroportlar var, üçüncü hava limanı sürətlə tikilir. Şuşa möhtəşəm tikinti meydançasını xatırladır, tarixi obyektlər bərpa olunur. Mən Şuşada olduğum üçün xoşbəxtəm. Bütün bunlar mənim üçün çox əlamətdar oldu.
Rusiya Federasiyası Dövlət Duması Beynəlxalq məsələlər üzrə komitəsinin sədri, Dumada Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbəri Leonid Slutski bu sözləri sentyabrın 30-da Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.
O qeyd edib ki, Qarabağın Azərbaycanın tərkibinə qayıtması Azərbaycan üçün milli məsələ olmaqla yanaşı, Cənubi Qafqazda sabitlik, uğurla həll edilən tarixi vəzifədir.
“Bu gün Azərbaycanın Qarabağ bölgəsində sürətli templərlə yeni iş yerlərinin yaradılması, o cümlədən elmi əsaslı klasterlərin həyata keçirilməsi prosesi gedir. Bəzilərinin Qarabağın tezliklə azad ediləcəyinə inanmadığı kimi, bu gün də kimsə bir neçə ildən sonra Qarabağda nələrin yaradılacağını təsəvvür etmir. Amma mən öz gözlərimlə gördüm ki, bu bölgə yenidən çiçəklənəcək, bərəkətli torpaqlara çevriləcək”, – deyə o əlavə edib.
Şuşadan Milli Məclisə deputat seçilmiş Polad Bülbüloğlu ilə birlikdə Şuşaya getdiyini deyən L.Slutski Bülbülün şəhərdəki ev-muzeyini də ziyarət etdiyini bildirib.
Rusiya Dövlət Dumasının komitə sədri sonda deyib: “Möhtərəm əziz İlham Heydər oğlu, dünən Şuşada olandan sonra bir daha Sizin qonağınız olaraq qəlbi Azərbaycanla döyünən, o cümlədən Azərbaycanın hüdudlarından kənarda olanları Qarabağın qaytarılması münasibətilə təbrik etmək istəyirəm. Qarabağ Azərbaycandır!”.