Prezident və birinci xanım işğaldan qurtuluşunun ildönümündə Cəbrayıla səfər ediblər

 

Oktyabrın 4-ü Azərbaycanın Zəfər salnaməsinə əbədi yazılan günlərdən biri – Cəbrayıl şəhərinin işğaldan azad olunmasının dördüncü ildönümüdür. Ötən dörd ildə, yeni büsatına qovuşan digər yurd yerlərimiz kimi, Cəbrayılda da böyük quruculuq işlərinə başlanılıb. Cəbrayıl şəhəri də daxil olmaqla rayonun 10-a yaxın yaşayış məntəqəsi bərpa olunur. Eyni zamanda, geniş infrastruktur layihələri icra edilir.

Artıq bir həftədir Cəbrayıl şəhəri sakinlərinə qucaq açıb. Təməli qoyulan kəndlərdə də inşaat işləri davam edir.

Cəbrayılın 27 illik işğaldan sonra azadlığa qovuşmasının 4-cü ildönümü ərəfəsində, oktyabrın 3-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva rayona səfər ediblər.

***

Dövlətimizin başçısı və birinci xanım əvvəlcə Cəbrayıl rayonunun Horovlu kəndində fərdi evlərin və sosial obyektlərin tikintisi ilə tanış olublar.

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev kənddə görülən işlər barədə məlumat verib.

Bildirilib ki, layihələndirilən ümumi ərazi 248 hektardır və perspektivdə kənddə 3470 nəfərin (867 ailə) yaşaması nəzərdə tutulub.

Birinci mərhələdə Horovluya 1395 nəfərin köçürülməsi üçün tikilən 334 fərdi evin hörgü işləri tamamlanıb, hazırda xarici və daxili bəzək işləri görülür. İnşa olunan evlər iki, üç, dörd və beş otaqdan ibarətdir. Məktəb binası, uşaq bağçası və digər iaşə obyektlərinin tikintisi də davam etdirilir.

Diqqətə çatdırılıb ki, kəndin dayanıqlı su təchizatını təmin etmək məqsədilə burada əvvəllər mövcud olmuş kəhrizlərin bərpası üçün layihə həyata keçirilib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva hazır evlərə baxıblar.

Qeyd edək ki, Horovlu kəndinin təməli 2023-cü il mayın 4-də Prezident İlham Əliyev tərəfindən qoyulub.

***

Prezident və birinci xanım oktyabrın 3-də Cəbrayıl şəhərində Mehdi Mehdizadə adına 960 şagird yerlik tam orta məktəbin binasının açılışında iştirak ediblər.

Elm və təhsil naziri Emin Əmrullayev məktəbdə yaradılan şərait barədə məlumat verib.

Diqqətə çatdırılıb ki, məktəbdə 40 sinif otağı və 5 inzibati otaq var. Şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün sinif otaqları zəruri dərs vəsaitləri ilə təchiz edilib. Təhsil ocağında həmçinin kimya, fizika, biologiya laboratoriyaları, texnologiya və informatika otaqları, 4 STEAM otağı, kitabxana, akt və idman zalları, yeməkxana yaradılıb.

İnternet təchizatı, mebel-inventar və digər zəruri avadanlıqlar müasir tələblər səviyyəsindədir. Təhsil ocağının həyətində oyun meydançaları yaradılıb.

Xatırladaq ki, təhsil ocağının təməli 2021-ci il oktyabrın 4-də qoyulub.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Cəbrayıl şəhərində “Azərsun Holding” MMC-nin alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoyub.

 “Azərsun Holding” şirkətinin müşahidə şurasının sədri Abdolbari Gözəl dövlətimizin başçısına istehsal kompleksi haqqında məlumat verib.

Bildirilib ki, qazlı və qazsız su, soyuq çay, soyuq qəhvə, limonadlar, təbii meyvə şirəli içkilərin istehsal ediləcəyi müəssisənin illik istehsal gücü 250 milyon PET şüşə, 350 milyon alüminium tənəkə qutu təşkil edəcək. Kompleksin istismara verilməsi üçün ilkin mərhələdə 35 milyon manat həcmində investisiyanın qoyuluşu nəzərdə tutulur. Tam istehsal gücü ilə fəaliyyətə başladıqdan sonra kompleksdə 300-ə yaxın sakin işlə təmin ediləcək.

***

Prezident İlham Əliyev Cəbrayıl rayonunda “Hicaz quşçuluq” müəssisəsinin damazlıq yumurta istehsalı fabrikinin təməlini qoyub.

“Hicaz” MMC-nin təsisçisi Səfər Sadıqov dövlətimizin başçısına müəssisə haqqında məlumat verib.

Bildirilib ki, müəssisə 3 sahədən – damazlıq yumurta, inkubator və yem fabriklərindən ibarət olacaq. Birinci mərhələdə 30 hektar ərazidə 24 damazlıq yumurta istehsalı sahəsi tikiləcək. Burada illik 24 milyon ədəd damazlıq yumurta istehsal ediləcək.

Bununla yanaşı, saatda 40 ton istehsal gücünə malik yem fabriki və inzibati bina inşa olunacaq. Həmçinin ərazidə yerləşən soyuducu anbar və illik 24 milyon ədəd yumurta tutumuna malik inkubasiya fabriki fəaliyyət göstərəcək. Layihə üzrə 150 daimi iş yerinin yaradılması nəzərdə tutulub.

***

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yeni müəssisələrin təməlqoyma mərasimlərində iştirak ediblər.

İqtisadiyyat naziri Mikayıl Cabbarov sənaye parkında görülən işlər barədə məlumat verib.

Dövlətimizin başçısının 2021-ci il 4 oktyabr tarixli fərmanına əsasən, İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılıb. Ərazisi 200 hektar olan parkda logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin yaradılması planlaşdırılır. Sənaye parkı yeni salınan magistral avtomobil və dəmir yollarının üzərində yerləşir. Hazırda burada bir müəssisə – kənd təsərrüfatı texnikalarına, yük maşınlarına texniki servis xidməti göstərilir.

Sənaye parkında əvvəlcə Litvanın “Dominari” şirkətinin mebel klasterinin təməlqoyma mərasimi olub. İnvestisiya dəyəri 50 milyon manatdan çox olan müəssisədə ilkin mərhələdə 650 nəfər işlə təmin ediləcək. İşçilər Cəbrayıl və ətraf rayonlardan cəlb olunacaq.

Parkda təməli qoyulan “Karabakh Stone” MMC-nin zavodu yol və müxtəlif sahələrin abadlaşdırılması üçün dekorativ daşlar (tamet daşlar) və səki bordürlərinin istehsalı ilə məşğul olacaq. İnvestisiya həcmi 7,8 milyon manat olan layihə çərçivəsində 95 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur. Məhsullar daxili bazarın tələbatının ödənilməsinə yönəldiləcək. Türkiyə texnologiyasından istifadə ediləcək müəssisənin 2025-ci ildə fəaliyyətə başlaması planlaşdırılır.

“Prestij-Kimya” MMC-nin zavodu isə dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhlulların istehsalını həyata keçirəcək. İnvestisiya dəyəri 5,8 milyon manat olan müəssisədə 214 nəfər daimi işlə təmin ediləcək.