Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycanəsilli İran yazıçısı Fəriba Vəfinin "Ədəbiyyatda qadın səsi" adlı mühazirəsi keçirilib.
Sərginin fəxri qonaqlarından olan Fəriba Vəfi 13 əsərin müəllifi, Almaniyanın nüfuzlu "LiBeraturpries" mükafatının qalibidir.
Fəriba Vəfi çıxışında müəllifi olduğu "Zirzəmi quşu” romanının ərsəyə gəlməsindən söz açıb. O bildirib ki, əsərdə həyatın ağır şərtlərinə dözən, ailə qurduqdan sonra bütün gücünü övladlarının tərbiyəsinə həsr edən qadından bəhs olunur.
"Mənim əsərlərimdə qələmə aldığım xarakterlər qadınlara aiddir, ona görə ki, mən onları çox yaxşı tanıyıram. Qadının səsi güclənməlidir, ucalmalıdır. Biz qadın dünyasından çox az şey bilirik. Ona görə də sadəcə yazaraq onları dünyaya tanıda bilərik. "Zirzəmi quşu" kitabımda bu haqda daha geniş yazmışam", - deyə o vurğulayıb.
Bildirilib ki, “Zirzəmi quşu” oxucular tərəfindən böyük rəğbətlə qarşılanıb. Əsər ingilis, italyan, ispan, alman və türk dillərinə çevrilib.
Fəriba Vəfi hazırda Almaniyada yaradıcı fəaliyyətlə məşğuldur.
Sonra müəllif oxucularla görüşüb, onların suallarını cavablandırıb.
Görüşdə imza sessiyası da keçirilib.