Oktyabrın 3-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində böyük rus şairi Sergey Yeseninin anadan olmasının 129-cu ildönümünə həsr olunmuş ədəbi-musiqili tədbir keçirilib.

Tədbirdə muzeyin direktoru akademik Rafael Hüseynovun “Həmişə Bakıda və Azərbaycanda” mövzusunda məruzəsi dinlənilib.

Bildirilib ki, böyük rus şairi Sergey Yesenin 1924-1925-ci illərdə Bakıda olub və yaradıcılığının məhsuldar dövrünü Mərdəkan qəsəbəsində yaşayıb. 1974-cü ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və Azərbaycan Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə Mərdəkanda Sergey Yeseninin ev-muzeyinin yaradılması haqqında sərəncam imzalanıb. Muzeyin yerləşdiyi yer 1895-1920-ci illərdə neft milyonçusu Murtuza Muxtarovun şəxsi bağ evi olub.

1975-ci il aprelin 1-də isə şairin 80 illik yubileyi ərəfəsində xatirə muzeyinin açılışı olub. Həmçinin şairin ev-muzeyinin yerləşdiyi küçəyə onun adı verilib. Bu muzey Rusiya sərhədləri xaricində Sergey Yeseninə həsr olunmuş yeganə xatirə muzeyi idi.

1999-cu ildən ev-muzeyi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin tərkibinə daxil edilib. 2008-ci ildən muzeyin direktoru akademik Rafael Hüseynovun təşəbbüsü ilə ev-muzeyi Sergey Yeseninin adını daşıyan Rus-Azərbaycan Ədəbi Əlaqələri Mərkəzi adlandırılıb. 2010-cu ildən fəaliyyətə başlayan Mərkəzin əsas məqsədi Sergey Yeseninin həyat və yaradıcılığını, poetik irsini təbliğ etmək, rus-Azərbaycan ədəbi əlaqələrini genişləndirmək, dostluq tellərini möhkəmləndirmək, materialların toplanması və tədqiqini həyata keçirməkdən ibarət olub. Hazırda Mərkəz Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Sergey Yesenin adına Rus-Azərbaycan Ədəbi Əlaqələr filialı olaraq fəaliyyətini davam etdirir.

Daha sonra tədbirdə Rusiyanın Azərbaycandakı səfirliyinin birinci katibi Pavel Kuznetsov, Azərbaycanın Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin, “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyinin şöbə müdiri Natalya Nenaşeva Rusiya-Azərbaycan mədəni əlaqələrindən bəhs edərək Sergey Yeseninin həyat və yaradıcılığının Azərbaycana bağlılığından söz açıblar.

Tədbirdə, həmçinin “Sergey Yeseninin həyat və yaradıcılığında “Bakı dövrü”nün yeri və rolu”, “Sergey Yesenin poeziyanın müəllimi kimi”, “Sergey Yesenin və Azərbaycan”, “Sergey Yesenin adına filialın tarixi” adlı məruzələr dinlənilib.

Ədəbi-musiqili tədbirdə Sergey Yeseninin həyat və yaradıcılığına həsr edilmiş ifalar və qiraət nümunələri təqdim edilib. Həmçinin Limberq adına Rus xalq musiqisi ansamblının ifasında “İqray qarmon” səsləndirilib.

Tədbir çərçivəsində Sergey Yeseninə həsr olunmuş sərgi də nümayiş olunub.

Sonda iştirakçılara sertifikatlar təqdim edilib.