2-8 oktyabr tarixlərində keçirilən X Bakı Beynəlxalq Kitab Sərgisinin gözlənilən qonaqlarından biri də Azərbaycan əsilli İran yazıçısı Fəribə Vəfidir, desək, yanılmarıq.
Azərbaycan oxucusunun 2018-ci ildə “Zirzəmi quşu” romanı ilə tanıdığı Fəribə Vəfi Təbrizdə dünyaya gəlib. Ona dünya şöhrəti gətirən “Zirzəmi quşu” romanınadək onlarla hekayəsi dərc olunub. Qadın qəlbinin sirlərini böyük cəsarətlə qələmə alan Fəribə xanım “Ədəbiyyatda qadın səsi” mühazirəsi ilə onun yaradıcılığını sevən soydaşları ilə görüşdü.
Fəribə Vəfi sözünə belə başladı: “Mən çox sərgilərdə, oxucularla görüşlərdə olmuşam, amma həmişə farsca, almanca, ya da ingiliscə danışmışam. Bu günsə ilk dəfədir ki, auditoriya qarşısında Azərbaycan dilində danışıram deyə, elə bilirəm ki, öz evimdəyəm”.
Fəribə xanım əsərlərinin əsas qəhrəmanının niyə məhz qadın olduğunu, bu seçimi bilərəkdən etdiyini də açıqladı: “Dünya ədəbiyyatında qadın yazarlar çox azdır, kişilər isə qadın qəlbini nə qədər yaxşı duysalar da, tam hiss edib anlaya bilmirlər. İran ədəbiyyatında isə mənə qədər qadın obrazları ya şeytan xislətli, ya da sadəlövh mələk kimi təsvir edilirdilər. Amma gerçək qadın obrazı yox idi...”.
Fəribə Vəfi “Ədəbiyyatda qadın səsi” mühazirəsindən sonra oxucuların suallarına cavab verdi, onun yaradıcılığı ilə maraqlananlara bildirdi ki, hazırda bir mühacir qadının həyatından bəhs edən roman üzərində işləyir.
Mədəniyyət Nazirliyi və “Parlaq imzalar” nəşriyyatının təşkil etdiyi mühazirə oxucular üçün kitab imzalama mərasimi ilə bitdi.
Gülcahan