Qobustan Milli Tarix-Bədii Qoruğu və Qazaxıstan Respublikasının Tanbalı Dövlət Tarix-Mədəniyyət və Təbiət Muzey-Qoruğu arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən elmi seminar keçirilib.
Qobustan qoruğunda təşkil olunan “Qayaüstü təsvirlər – bəşəriyyətin ortaq irs abidələri kimi” mövzusunda seminarda hər iki qoruq ərazisində yerləşən abidələrin vəziyyəti, qorunması, bərpası və konservasiyası ilə bağlı görülən işlər barədə mühazirələr dinlənilib, elmi tədqiqatların nəticələri, mədəni irs nümunələrinin qorunması strategiyaları və gələcək əməkdaşlıq imkanları müzakirə edilib. Daşınmaz tarix və mədəniyyət abidələrinin mühafizəsi, konservasiyası və bərpası mövzusunda birgə konfransların, seminarların, treninqlərin keçirilməsi yönündə məsləhətləşmələr aparılıb.
Tədbirdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndələri, AMEA-nın mütəxəssisləri, digər qoruq və muzeylərin əməkdaşları iştirak ediblər.
Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev iki ölkə arasındakı mədəni əlaqələrdən söz açaraq, belə tədbirlərin əhəmiyyətini vurğulayıb.
Tanbalı Dövlət Tarix-Mədəniyyət və Təbiət Muzey-Qoruğunun direktoru Bibigül Dandıqaraeva Tanbalı abidələri, qoruq-muzeyin fəaliyyəti barədə məlumat verib, birgə fəaliyyət, o cümlədən mədəni-maarifləndirici layihələrin həyata keçirilməsini nəzərdə tutan əməkdaşlıq memorandumunun əhəmiyyətindən danışıb.
Qobustan abidələrinin tədqiqatçısı tarix üzrə fəlsəfə doktoru, arxeoloq İdris Əliyev dövrü olaraq burada aparılan qazıntılar və əldə olunmuş maddi mədəniyyət nümunələri haqqında məlumat verib.
Seminar çərçivəsində Tanbalı abidələrini əks etdirən fotosərgiyə baxış keçirilib.
Sonda iştirakçılar üçün Qobustan qoruğuna ekskursiya təşkil olunub.