X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində sərginin fəxri yazarı Rövşən Abdullaoğlunun oxucularla görüşü keçirilib.
Yazıçı əvvəlcə birillik fəaliyyəti haqqında məlumat verib, əsərlərinin ölkə daxilində və hüdudlarından kənarda uğurlu sədasından bəhs edib.
R.Abdullaoğlu son bir il ərzində daha çox ictimai fəaliyyətlə məşğul olduğunu diqqətə çatdıraraq həm kitabların tanıdılması, həm də təhsil müəssisələrində uşaqlar arasında psixoloji sağlamlığın təmin edilməsi ilə bağlı görüşlər keçirdiyini vurğulayıb. Film sahəsində də müəyyən fəaliyyətinin olduğunu “Bu şəhərdə kimsə yoxdur” əsərinə ssenari qələmə alındığını qeyd edən yazıçı filmin 40 seriyasının artıq çəkildiyini və ekran üzü gördüyünü xatırladıb.
“Ölkə hüdudlarından kənarda da də bir sıra fəaliyyətlərimiz oldu və kitabla bağlı sərgilər və tədbirlərdə iştirak etdik. Sevindiricidir ki, “Abadon” və digər əsərlərlə bağlı film çəkilməsi, kitabların tərcümə edilib satılması ilə bağlı təklifləri var. Ümid edirəm ki, gələn il xarici kanallarda əsərlərə çəkilmiş filmi izləmək şansımız olacaq”.
Sərgi zamanı “Bu şəhərdə kimsə yoxdur” əsərinin 7 dilə tərcümə olunduğu, otuzuncu nəşrinin sərgiyə gətirildiyi bildirilib.
“Bu, onu göstərir ki, ölkəmizdə kitaba maraq, sevgi var. Bu, ümumilikdə Azərbaycan yazıçılığı adına uğurdur. Bizim sahədə rəqib yoxdur, hamımız eyni cəbhədə döyüşürük. Kitaba marağın olması oxucuların səviyyəsini də göstərir və cəmiyyət üçün böyük nailiyyətdir. Çünki xarici ölkələr əsəri tərcümə edib çap etmək istəyəndə onun öz ölkəsində oxunma səviyyəsinə baxırlar.
Kanadanın çox tanınmış bir yayım evi “Bu şəhərdə kimsə yoxdur” əsərini tərcümə etdi və çap etdi. Təqdimat mərasimi bu il Frankfurtda beynəlxalq kitab sərgisində keçiriləcək. Orada imza mərasimi də olacaq. Bu, ölkə ədəbiyyatının beynəlxalq arenaya çıxması deməkdir və növbəti nəsillərin böyük işlər görməsinə gətirib çıxaracaq. Ölkəmiz potensiallı gənclərlə doludur. Əminəm ki, bizdən sonra onlar daha böyük işlər görəcəklər. Bir kitab bir ölkənin taleyini dəyişə bilər - bir xalqı ya süquta ya da inkişafa aparar. Nə əldə ediriksə, oxumaq və təhsillə əldə edirik. Hər birimiz kitablardan bəhrələnmişik. Əldə etdiyimiz nailiyyətləri kitablara borcluyuq”, - deyə R.Abdullaoğlu bildirib.
Onun sözlərinə görə, əgər yazıçı öz əsərini yazanda ağlamırsa, oxucu da ağlamayacaq.
“Kitabı yazdığım müddətdə onun təsirində oluram. Əsərlərimin ilk oxucusu özüməm. Əgər məni qane edirsə, mənə təsir edirsə, deyirəm ki, bu, oxucuya da təsir edəcək. Əsl yazıçı öz əsərini, personajlarının hər birinin həyatını hiss edə biləndir. Özünü həmin obrazların yerinə qoya bilsən və hiss edə bilsən əsərin gözəl alınacaq. O atmosferə düşə bilmirəmsə, həmin hissəni saxlayıb başqa bir tərəfini yazıram. Ancaq beynimdə qalır və bir müddət sonra anidən həmin dialoqu necə tamamlayaraq uğurlu olacağı beynimə gəlir. Harasa qeyd edirəm və sonradan işləyirəm. Ona görə də kitablarım hissə-hissə yaranır. Ardıcıl olaraq tamamlanmır. Hansısa hissəni yazanda özümü məcbur etmirəm. Bəzən də bir neçə tablonu birdən çəkməyə başlayıram. Yəni paralel olaraq bir neçə əsər işləyə bilirəm. Əsərlərimdə insanlara çatdırmaq istəyirəm ki, hər neqativ insanın belə içində bir nur, hər nurlu insanın içində bir zülmət var. Bir insan mələyə də çevrilə bilər, iblisə də dönə bilər. Odur ki, insanı tamlığı ilə nurani və zülmət bir varlıq kimi görə bilmərik”, - deyə yazıçı bildirib.
Sonra yazıçının imza saatı keçirilib.
Yazıçıya tədbir zamanı əsərlərinin gözdən əlillər üçün səsləndirilmiş audio forması da hədiyyə olunub.