Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası oktyabrın 5-də X Bakı Beynəlxalq Kitab Sərgisində tanınmış yazıçı-publisist, kitabxananın fəxri oxucusu Nüşabə Məmmədlinin “Zəfər zənguləsi” kitabının təqdimatını keçirib.
Kitabın redaktoru, tarix üzrə fəlsəfə doktoru, Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədova tədbiri açaraq, yazıçının Qarabağ müharibəsi haqqında yazdığı əsərlər haqqında qısa məlumat verib. Bildirib ki, “Zəfər zənguləsi” kitabı 2020-ci ilin 44 günlük Vətən müharibəsinə, 2023-cü ilin 20 sentyabrında Azərbaycanın Qarabağda suverenliyinin tam bərpası ilə nəticələnən antiteror əməliyyatının ildönümünə və Dövlət Suverenliyi Gününə həsr olunub. Əsərdə Vətən müharibəsi və antiterror əməliyyatının qəhrəmanları haqqında maraqlı məlumatlar, döyüş səhnələri, əsgər və zabitlərimizin igidliyi təsvir olunur: “Əsər bir nəfəsə oxunur. Bu kitab həm də kitabxanamızın keçirdiyi “Şəhidlər unudulmur”, “Şəhidlər ölməz, Vətən bölünməz” layihələrinə yazıçının töhfəsidir. Şəhidlərimiz haqqında çox yazılmalıdır. Onlara həsr olunmuş teatr tamaşaları qoyulmalı, filmlər çəkilməli, irihəcmli musiqi əsərləri yazılmalı, təsviri sənət əsərləri ərsəyə gətirilməlidir”.
Yazıçı Nüşabə Məmmədli təqdimata toplaşanlara təşəkkürünü bildirərək, kitabın ərsəyə gəlməsindən danışıb. Müəllif kitabın yazılmasında, o cümlədən sənədli materialların əldə edilməsində zəhməti keçən hər kəsə, xüsusilə şəhid ailələrinə minnətdarlığını ifadə edib.
Kitabın naşiri Akif Dənzizadə, Qarabağ müharibəsi qazisi Ramin Şirinov, tədbirin aparıcısı Əməkdar artist Elşən Cəbrayılov əsər haqqında fikirlərini bölüşüb, müəllifə yeni yaradıcılıq uğurları arzulayıblar.
Sonda yazıçı Nüşabə Məmmədli kitabı imzalayaraq oxuculara təqdim edib.