Aşıq Ələsgərin abidəsinin “tənqidçi”lərinə bir neçə mesaj...

 

Çağdaş heykəltaraşlığımızın görkəmli nümayəndəsi, Xalq rəssamı, professor Natiq Əliyevin müəllifi olduğu Aşıq Ələsgərin abidəsi haqqında əlinə bir dəfə də tişə almayan “biləndər”lərin “tənqid” və “irad”larına bir neçə mesaj:

– Nəyinsə haqqında müsbət və ya mənfi fikir bildirərkən onun mütəxəssisi olmaq ən başlıca şərtlərdəndir. Çünki bir şey haqqında ən düzgün dəyəri yalnız onun mütəxəssisi verə bilər.

– Yaradılan heykəlin bədii həlli ənənəvi şəkildə, yəni görkəmli aşıq adəti üzrə sazı sinəsinə basılı halda ifadə edilsəydi, onun olduqca sadə – primitiv baxılması danılmaz olacaqdı. Ancaq əminəm ki, yenə də bizim “dilavər”lər “Bu nə heykəldir?” deyə gündəm eşqiylə statuslar paylaşacaqdı.

– Heykəldə aşığın sazı başının üzərinə qaldırıb ifa etməsinin əks olunması onun statik deyil, daha dinamik, daha ekspressiv – obrazlı baxılmasını şərtləndirib ki, bu da müəllif tərəfindən yüksək ustalıqla icra olunub.

– Abidənin müəllifi ixtisası üzrə mütəxəssis və mütaliəni sevən biridir. Bu isə yaradılan obrazın bədii və texnoloji həllinin daha kamil olmasını səciyyələndirən amillərdəndir. Odur ki, Xalq rəssamı Natiq Əliyev Azərbaycan aşıq sənətinin böyük sənətkarı haqqında dərin araşdırma aparıb, Aşıq Ələsgərin obrazının ikonoqrafik xüsusiyyətlərini daha dəqiq ifadə etməyə nail olub.

Sonda müdriklərdən birinin fikrini xatırlatmaq istərdim: kimsə nəyisə dərk etməkdə aciz qalarsa, ondan irad tutar.

Aslan Xəlilov
sənətşünaslıq üzrə fəlsəfə doktoru, ADMİU-nun dosenti