AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri professor Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı nəşr olunub.

Dörd fəsildən ibarət monoqrafiya bu mövzuya həsr edilmiş ilk elmi-tədqiqat işidir. Ədibin şeirləri, dram əsərləri və nəsri öz dövrünün ilk mənbələri əsasında tədqiq edilib. Monoqrafiyada Azərbaycan ictimai xadimi, maarifçi, pedaqoq, metodist, publisist və yazıçı Cəmo bəy Cəbrayılbəyliyə (1887-1965) məxsus “Vətən marşı”nın nəşr tarixi və “Azərbaycan marşı”na çevrilmə səbəbləri, bu şeirin yanlış olaraq istiqlal şairimiz Əhməd Cavada aid edilməsi incələnərək faktlar əsasında obyektiv dəyərləndirilib.

Ədəbiyyat İnstitutunun “Sənətkarın elmi pasportu” seriyasının 52-ci nəşri olan kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli, rəyçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Elmira Qasımlıdır.