Texas Universitetində ABŞ-də yaşayan azərbaycanlı dirijor Fərhad Xudiyevin konserti olub.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, Fərhad Xudiyevin dirijorluğu ilə Texas Universiteti Simfonik Orkestri dahi Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” baletindən parçaları, eləcə də Donald Grantham və İqor Stravinskinin əsərlərini ifa edib.
F.Xudiyev 2010–2011-ci illərdə Konnektikut, 2011–2012-ci illərdə Nyu-Cersi orkestrlərində dirijorluq edib. 2012-ci ildən 2020-ci ilədək Kaliforniyada Gənclərin Musiqi Orkestrində baş dirijor və musiqi direktoru vəzifəsində çalışıb. Hazırda Texas Universitetində dirijorluq sənətini tədris etməklə yanaşı, simfonik orkestrin musiqi rəhbəridir. Həmvətənimiz müxtəlif ölkələrin orkestrləri ilə də çıxış edir.
Xatırladaq ki, bu il aprelin 12-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Fərhad Xudiyevin dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin “Musiqi körpüsü: ABŞ-Azərbaycan” adlı konserti keçirilib.