Hazırda inşası davam etdirilən və bir neçə aydan sonra sakinlərinə qucaq açacaq yaşayış məntəqələrindən biri də Cəbrayıl rayonunun Horovlu kəndidir. Təməli 2023-cü il mayın 4-də Prezident İlham Əliyev tərəfindən qoyulan kənd yenidən qurulur.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyyə Rzayeva bildirib ki, layihələndirilən ümumi ərazi 248 hektardır və perspektivdə kənddə 3470 nəfər olmaqla, 867 ailənin yaşaması nəzərdə tutulub. Birinci mərhələdə Horovluya 1395 nəfərin köçürülməsi planlaşdırılır və artıq 334 fərdi evin hörgü işləri tamamlanıb, hazırda fasad və interyer işləri görülür. İnşa olunan evlər iki, üç, dörd və beş otaqdan ibarətdir. Həmçinin məktəb binası, uşaq bağçası və digər iaşə obyektlərinin tikintisi davam etdirilir. Kəndin dayanıqlı su təchizatını təmin etmək məqsədilə burada əvvəllər mövcud olmuş kəhrizlər də bərpa edilib.