Prezident Cəbrayılda Azərbaycanın bədxahlarına da mesaj verdi: “Bizim dostumuz odur ki, bu günə sevinir...”

 

Azad edilmiş torpaqlarda aparılan işlər öz miqyasına görə xüsusi xarakter daşıyır. Heç bir başqa yerdə işğaldan, müharibələrdən əziyyət çəkmiş ölkələr bu sürətlə və bu keyfiyyətlə bərpa işlərini bu günə qədər aparmamışlar. Çünki bu işlər genişmiqyaslı və çox dəqiq planlar əsasında görülür. Hər bir şəhərin baş planları təsdiq edilib. Hər bir kəndin bütün lazımi infrastrukturu nəzərdə tutulur.

Prezident İlham Əliyev bu sözləri oktyabrın 4-də Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksində sakinlərlə görüşdə çıxışı zamanı deyib.

Prezident diqqətə çatdırıb ki, işğaldan azad edilən yerlərin yenidən qurulması, sakinlər üçün evlərin inşası ilə yanaşı, onların məşğulluğu üçün də işlər görülür. O cümlədən Cəbrayıl rayonunda yeni müəssisələrin təməli qoyulub: “Orada işləyənlərin əksəriyyəti Cəbrayıla qayıdan və qayıdacaq keçmiş köçkünlər olmalıdır. Yəni, həm yaşayış yerləri, həm bütün infrastruktur – su, qaz, elektrik enerjisi, yollar, məktəblər, xəstəxanalar, eyni zamanda, məşğulluq...”.

Dövlətimizin başçısı bildirib ki, Azərbaycanın öz gücünə gördüyü bu işləri gözləri götürməyənlər də var. “Bugünkü gün anti-Azərbaycan qüvvələr üçün yas günüdür, matəm günüdür. Yəni, necə ola bilər ki, bizim icazəmiz olmadan Azərbaycan öz hüququnu bərpa etdi, heç kimdən soruşmadan, heç kimdən qorxmadan, heç kimi saymadan. Öz gücü hesabına, öz övladlarının fədakarlığı hesabına. Bunu bizə bağışlaya bilmirlər və bu gün Azərbaycana Amerikadan sanksiya tətbiq edilir. Ondan sonra da deyirlər ki, gəlin, dostluğumuzu möhkəmləndirək. Hansı dostluqdan söhbət gedə bilər? Bizim dostumuz odur ki, bu günə sevinir. Mən bunu bir neçə gün bundan əvvəl demişəm. Bu günə məyus olan və bu günü qəbul etməyən heç vaxt bizim dostumuz ola bilməz, bunu Azərbaycan xalqı bilməlidir... Ancaq biz öz gücümüzə arxalanmalıyıq və heç bir vədlərə, heç bir şirin sözlərə, yalançı ifadələrə aldanmamalıyıq”.

Prezident qeyd edib ki, otuzillik işğalın nəticəsi olan dağıntılar, təbii ki, bir müddətdən sonra söküləcək, bunların yerində yeni binalar inşa ediləcək. Ancaq bu mənzərə heç vaxt bizim yadımızdan çıxmamalıdır: “Çünki bu işlərdə təkcə Ermənistan günahkar deyil. Əlbəttə, Ermənistan əsas günahkardır. Amma o günahı bölüşənlər onların arxasında o vaxt da, bu gün də duranlardır. Bu gün Ermənistanı silahlandıran Qərb ölkələri görəsən nə fikirləşirlər? Hesab edirlər ki, biz buna göz yumacağıq?... Heç kim bizi çəkindirə bilməz. Biz öz gələcək inkişafımızı, təhlükəsiz həyatımızı təmin etməliyik və təmin edəcəyik! Mən Ermənistana da bax, burada, dağıntılar arasında xəbərdarlıq edirəm: dayandırın bu təhlükəli oyunları! Bir tərəfdən sülhdən danışırlar, yalan-palan danışırlar, digər tərəfdən genişmiqyaslı silahlanma gedir. Silahları da kim verir onlara? Fransa və onun kimi anti-Azərbaycan ölkələr. O silahlar nə üçün onlara pulsuz verilir? Yəni, dediyim kimi, şəhər-kəndlərimizi yenə də bax, bu vəziyyətə salmaq üçün. Nə qədər çalışsalar da, heç nə alınmayacaq...”.

“Ermənistan təhlükəli oyunlara qoşulub və İkinci Qarabağ müharibəsinin tarixçəsi onların yadından çıxmasın... Antiterror əməliyyatı onların yadından çıxmasın” deyən İlham Əliyev xatırladıb ki, əgər Cəbrayılı, şəhəri azad etmək üçün bizə bir həftə lazım idisə, Qarabağı 44 günə azad etmişiksə, separatçıların yuvası olan o bölgələri cəmi bir neçə saat ərzində azad etmişik: “Bizimlə heç kim zarafat etməsin və səbrimizlə də oynamasın. Mən bu sözləri istənilən yerdə deyə bilərdim. Çünki yenə də deyirəm, Azərbaycan xalqına həmişə həqiqətləri deyirəm, fikirlərimi deyirəm. Dünyada vəziyyət dəyişir. Əlbəttə ki, bizim də hadisələrə münasibətimiz adekvat olmalıdır. Ancaq hesab etdim ki, mən bu sözləri bax, bu dağıntılar və bu gözəl binalar arasında deməliydim ki, onu həm Azərbaycan xalqı eşitsin, həm bizim dostlarımız eşitsin və bir daha bizim Qələbəmizə sevinsin, düşmənlərimiz də eşitsin və düzgün nəticə çıxarsın”.

Azərbaycan Prezidenti sonda Cəbrayıla, doğma torpağına qayıtmış sakinlərə xitabən deyib: “Sizə burada xoşbəxt həyat arzulayıram. Siz buna layiqsiniz. Siz uzun illər çadırlarda, qaçqın düşərgələrində yaşamısınız. Biz imkan daxilində çalışmışıq ki, həyatınızı bir az yüngülləşdirək. Burada artıq 100-dən çox insan məskunlaşıb, bu gün də, dünən də gələnlər var. Onlardan bir hissəsi Biləsuvardakı qaçqın şəhərciyində yaşamışdır. Yəqin ki, mənim o şəhərciyə gəlişimi xatırlayan da var. Birinci dəfə 20 il bundan əvvəl orada olmuşam. Çalışmışıq ki, yeni mənzillər, yeni evlər tikək və təqribən 300 minə yaxın, bəlkə də çox keçmiş köçkün 2020-ci ilə qədər normal şəraitlə təmin edilmişdir. Ancaq ondan da çox insan ağır vəziyyətdə yaşamışdır. Ona görə bu gözəl binalarda yaşamaq sizin haqqınızdır, siz buna layiqsiniz. Əminəm ki, bu torpaqlarda yaşamış və oradan köçmüş, eyni zamanda, bu torpaqları heç vaxt görməmiş sizin uşaqlarınız, nəvələriniz burada rahat və xoşbəxt yaşayacaq, öz dövləti ilə, xalqı ilə həmişə fəxr edəcəkdir”.