Dövlət başçıları iki həftə sonra Kazanda da bir araya gələcəklər
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 7-də Rusiya Federasiyasının paytaxtı Moskvaya gedib.
Səfər zamanı, oktyabrın 8-də Moskvada dövlətimizin başçısının Rusiya Prezidenti Vladimir Putinlə görüşü olub.
Prezident İlham Əliyevi və Azərbaycan nümayəndə heyətini salamlayan Vladimir Putin deyib: “Mənim Bakıya səfərim (bu ilin avqust ayında – red.) zamanı razılaşdığımız kimi bu gün görüş keçiririk. Dünən axşam da qeyri-rəsmi təmasımız olub, münasibətlərimizin hazırkı statusu ilə bağlı məsələlərə bu və ya digər dərəcədə toxunduq.
Dərhal qeyd etmək istərdim ki, münasibətlər müsbət inkişaf edir, biz bunu hələ Azərbaycana səfər zamanı bildirmişdik: əmtəə dövriyyəsi 4 dəfədən çox – 4,3 milyard dollardır. Bizim Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalarımız dörd milyard dollardan çoxdur. Energetika sahəsində də, infrastrukturun inkişafı üzrə də çoxlu yaxşı, maraqlı layihələr var. Onların hamısı perspektivlidir, realdır, həm ikitərəfli, həm də çoxtərəfli layihələr aktualdır”.
Prezident İlham Əliyev çıxışının əvvəlində oktyabrın 7-də 72 yaşı tamam olan Vladimir Putini doğum günü münasibətilə təbrik edib. Rusiya Prezidentinin avqust ayında Bakıya dövlət səfərindən sonra ikitərəfli münasibətlərdəki dinamikanı qeyd edən İlham Əliyev deyib: “Əldə olunmuş qərarların yerinə yetirilməsi çərçivəsində artıq müxtəlif strukturların nümayəndələri səviyyəsində, hökumət üzvləri arasında çoxlu təmaslar olub. Bu gün həmin məsələləri nəzərdən keçirmək üçün yaxşı imkan var, çünki gündəliyimiz kifayət qədər genişdir və həmin layihələr, xüsusən avqust ayında Bakıda nəzərdə tutduqlarımız, əlbəttə ki, bizim daimi diqqət və nəzarətimizi tələb edir”.
Vladimir Putin Azərbaycan rəhbərini oktyabrın 23-24-də Kazanda BRICS xətti ilə keçiriləcək BRICS + tədbirlərində gözlədiyini bildirərək orada da faydalı görüşlər keçiriləcəyini deyib: “Əlbəttə ki, biz BRICS-lə əməkdaşlıq etməyə çalışan çox sayda ölkəni dəvət edirik. İyirmi beş həmkarımız öz iştirakını təsdiq edib. Zənnimcə, bu həm faydalı, həm də maraqlı olacaq. Sizi Kazanda gözləyirik”.
Prezident İlham Əliyev dəvəti məmnuniyyətlə qəbul etdyini və Azərbaycanın öz iştirakını təsdiq etmiş 25 ölkə arasında olduğunu deyib.