Naxçıvan Muxtar Respublikası (MR) Mədəniyyət Nazirliyinin tabeliyində olan kitabxanaların əməkdaşları 8-10 oktyabr tarixlərində Milli Kitabxanada təcrübə keçiblər.

Milli Kitabxananın direktoru professor Kərim Tahirov onlarla görüşdə informasiya-kommunikasiya texnologiyalarının kitabxana işinə tətbiqinin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, Milli Kitabxana hər zaman bu xüsusda ölkəmizin digər bölgələri kimi, Naxçıvandakı kitabxanalara da kömək etməyə hazırdır.

Naxçıvan MR Mədəniyyət Nazirliyi Mədəniyyət və mədəni irs şöbəsinin müdiri Pərvin Həsənov elektron kitabxanaların qurulmasında yaranan çətinlikləri diqqətə çatdırıb. O, proqram təminatı və tətbiqi ilə bağlı, həmçinin kitabxana işinin ayrı-ayrı sahələri ilə əlaqədar təlimlərə və işin müasir tələblərə cavab verəcək şəkildə təşkilində köməyə ehtiyac duyulduğunu deyib.

Üçgünlük təcrübə proqramında Naxçıvan MR Mədəniyyət Nazirliyi Aparatından,  M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası, Naxçıvan şəhər və Culfa, Babək, Sədərək, Şahbuz, Şərur, Kəngərli rayon mərkəzləşdirilmiş kitabxana sistemlərindən 13 nəfər mütəxəssis iştirak edib.