Türk tarixi konqresi keçirilib
Qazaxıstanın Almatı şəhərində “Çingiz epoxasında türk xalqlarının dövlətçiliyi” mövzusunda II Türk Dövlətçiliyi Tarixi Konqresi keçirilib.
Tədbir Türk Akademiyası, Türkiyənin Atatürk Mədəniyyət, Dil və Tarix Ali Şurası yanında Türk Tarix Cəmiyyəti və Qazaxıstanın Cuçi Ulusu Araşdırmaları İnstitutu tərəfindən təşkil edilib.
Konqres Türk dünyasının və bütövlükdə Avrasiyanın tarixində mühüm rol olmuş Cuçi Ulusunun yaranmasının 800 illiyinə həsr olunub.
Türkdilli ölkələrin elm xadimləri və diplomatları ilə yanaşı, Monqolustan, Koreya, Rusiya, ABŞ, Avstriya, Bolqarıstan və Ukraynadan nümayəndələrin də qatıldığı tədbirin açılışında Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Türk Tarix Qurumunun başqanı Yüksel Özgen və Cuçi Ulusu Araşdırmaları İnstitutunun direktoru Caksılık Sabitov çıxış ediblər.
Türk Akademiyasının prezidenti deyib: “Tarix milli kimliyin əsası və xalqların mövcudluğunun ali məqsədinin təzahürü kimi ortaq dəyərləri tapmağa kömək edir. Eyni zamanda biz görürük ki, tarixi faktların təhrif olunması millətlər, o cümlədən qardaş xalqlar arasında münaqişələrə səbəb ola bilər. Bizim vəzifəmiz bu manipulyasiyaların qarşısını almaq və bütün türk xalqlarına aydın və yaxın olan elmi əsaslar yaratmaqdır”.
Xatırladaq ki, ilk konqres ötən il Çolpon-Atada (Qırğızıstan) keçirilib və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunub.
Builki konqresin diqqət mərkəzində türk xalqlarının tarixinə və mədəniyyətinə mühüm təsir göstərən Çingizlər dövrü olub. İki gün davam edən tədbirdə Çingizlər dövründə türk dövlətlərinin tarixinin müxtəlif aspektlərinə dair məruzələr dinlənilib.
Konqresin yekun bəyannaməsində tarix, arxeologiya, etnoqrafiya, türkologiya və populyasiya genetikası kimi elmin müxtəlif sahələrində birgə tədqiqatların zəruriliyi qeyd olunur. Beynəlxalq tədbirdə təqdim olunan məruzələrin əhəmiyyəti nəzərə alınaraq Türk Akademiyası tərəfindən elmi toplu kimi nəşrinə qərar verilib.