Səttar Bəhlulzadənin 115 illiyinə həsr edilmiş müsabiqə keçirilir

 

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə Xalq rəssamı Səttar Bəhlulzadənin 115 illiyinə həsr olunmuş “Tablolarda nağıllar” adlı gənc rəssamların yaradıcılıq müsabiqəsi keçirilir.

“Azərbaycanın xalq nağılları təsviri sənətdə” mövzusunda keçirilən müsabiqədə 18-30 yaş arası gənc rəssamlar iştirak edə bilər. Rəssamların Azərbaycanın şifahi xalq ədəbiyyatından götürülmüş müxtəlif epizodların (hadisələrin), obrazların əks olunduğu əsərləri qəbul ediləcək.

İştirakçılardan müsabiqə-sərgiyə təqdim edəcəkləri işlər haqqında məlumatları noyabrın 25-dək sergimusabiqe@gmail.com elektron ünvanına göndərmələri xahiş olunur. Əsərlər tək-tək göndərilməli, məlumatlar dolğun olmalıdır.

Seçim üçün elektron ünvana məlumat göndərən rəssamlardan əlaqə nömrələrini qeyd etmələri xahiş olunur. Rəsm müsabiqə-sərgisinə hər bir iştirakçı 2 rəsm işi göndərə bilər. Orta və böyük ölçülü əsərlərə üstünlük veriləcək (60x70, 70x90, 100x100 sm və s.). Əsərlərin səliqəli və çərçivələnmiş olması vacibdir.

Əsərlərin ilkin seçim mərhələsi onlayn qaydada aparılacaq. Daha sonra seçilmiş əsərlərdən müsabiqənin qaliblərinin müəyyənləşdirilməsi peşəkar rəssamlardan ibarət münsiflər heyəti tərəfindən həyata keçiriləcək.

Seçilmiş əsərlər dekabrın 6-dək sərginin keçiriləcəyi ünvana çatdırılmalıdır.