Oktyabrın 8-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə X Bakı Beynəlxalq Kitab Sərgisinin bağlanış mərasimi keçirilib.
Mədəniyyət Nazirliyi Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli yeddi gün ərzində sərgidə ümumilikdə 327 tədbirin keçirildiyini, məşhur yazarların kitab təqdimatlarının və oxucularla görüşlərinin təşkil olunduğunu deyib. O, ötən illə müqayisədə builki sərgidə yeni naşirlərin də iştirak etdiyini diqqətə çatdırıb.
Mərasimdə X Bakı Beynəlxalq Kitab Sərgisində xüsusi fəallığı, stendlərin tərtibatı, nəşrlərin zənginliyi və s. meyarlara görə seçilən nəşriyyatlara, eləcə də yazarlara sertifikatlar təqdim edilib.
“Ən yaxşı kitab” nominasiyası üzrə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Füzuli kitabxanası” seriyası, “Ən kreativ stend tərtibatı” nominasiyası üzrə “Təhsil Nəşriyyat-Poliqrafiya” MMC, “Everest” və “Çinar” nəşriyyatlarının stendi, “Ən çox oxunan uşaq yazarı” nominasiyası üzrə Bəhram Bağırzadə, “Ən çox oxunan müəllif” nominasiyası üzrə Elxan Elatlı, “Ən fəal nəşriyyat” nominasiyası üzrə “Qanun” və “TEAS Press” nəşriyyatları təltif olunub.
Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC) və İctimai Televiziya və Radio Yayımları Şirkətinə sərginin “Media tərəfdaşı” sertifikatları təqdim olunub.