Görkəmli şərqşünas, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın doğum günü münasibətilə Milli Kitabxanada “Şərqşünas alim Aida İmanquliyeva” adlı virtual sərgi və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Kitabxanadan bildirilib ki, virtual sərgidə Aida İmanquliyevanın əsərləri, dövri mətbuat səhifələrində dərc olunan məqalələri, onun haqqında əsərlər və fotolar təqdim olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər linkindən istifadə edə bilərlər.

Ənənəvi sərgidə alimin əsərləri, fundamental elmi tədqiqatları, dəyərli, sanballı monoqrafiyaları, tərcümələri, həyatı və genişmiqyaslı elmi yaradıcılığı, şərqşünaslıq elminin inkişafındakı xidmətlərindən bəhs edən Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.

Ənənəvi sərgi bir həftə davam edəcək.

***

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası professor Aida İmanquliyevanın mənalı həyat yoluna dair virtual kitab sərgisini və yenilənmiş elektron məlumat bazasını geniş istifadəçi auditoriyasına təqdim edib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, elektron bazada Aida xanımın həyatının və elmi fəaliyyətinin əsas məqamları, müəllifi olduğu və onun haqqında qələmə alınan əsərlər, tərcümələr, dövri mətbuat nümunələri təqdim edilir.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan bazada Vasif Məmmədəliyev, Nərgiz Axundova, Cəmil Quliyev kimi akademiklərin, yazıçıların, dövlət xadimlərinin Aida xanım haqqında söylədikləri dəyərli fikirlər, xatirələr, professorun seçilmiş fikirləri də yer alır. Məlumat bazasında “Dissertasiya və avtoreferatlar”, “İzonəşrlər”, “Redaktoru və tərtibçisi olduğu kitablar” bölmələri də mövcuddur.

Bundan əlavə, Aida İmanquliyeva haqqında çoxlu sayda dəyərli məlumat, kitab və dövri mətbuat nümunələrini cəmləyən virtual kitab sərgisi hazırlanıb. Virtual sərgidə ərəb dünyası və ədəbiyyatı, Şərq-Qərb mədəniyyətlərinin kəsişməsi və multikulturalizm mövzusunda qələmə alınmış “Azərbaycan şərqşünaslıq elminin əbədiyaşar siması – Aida İmanquliyeva”, “Qələmlər birliyi və Mixail Nüaymə”, “Ərəb filologiyası məsələləri”, "Dünya deyilən sənmişsən", "Cübran Xəlil Cübran", "Aida İmanquliyeva və ərəb ədəbiyyatının tədqiqi problemləri", "Şərq-Qərb-ortaq mənəvi dəyərlər" kimi kitabların biblioqrafik təsviri nümayiş olunur.